Deputat: “Qabil Məmmədov və onun kimilərin Azərbaycana gəlişi yaxın perspektivdə baş tutacaq”

SİYASƏT 17 mart 2025, 16:21
“Qabil Məmmədov və onun kimilərin Azərbaycana gəlişi yaxın perspektivdə baş tutacaq. Çünki Azərbaycanın güclü hüquq-mühafizə orqanları var və xarici tərəfdaşları ilə bu istiqamətdə fəaliyyət aparır. Baş Prokurorluq Qabil Məmmədov və digərlərinin istintaqa cəlbini təmin edəcək”.
 

Demokrat.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
 
“Bu, həqiqətdir ki, beynəlxalq anti-Azərbaycan dairələr, xüsusilə Ermənistan və ermənipərəst siyasi qüvvələr ölkəmizə qarşı dezinformasiya yayır, təbliğat maşınını işə salır, yalan, iftira dolu məlumatları tirajlayırlar. Çirkin niyyətlərini həyata keçirmək üçün müxtəlif üsul, vasitə və mexanizmlərdən istifadə edirlər.

Belə mexanizmlərdən biri də formaca azərbaycanlı olub, məzmunca bu millətin, dövlətin düşməni olan şəxləri ələ almaqdır. Bir çox hallarda tərəddüd edirlərsə, pul, "mükafatlandırma" yolu ilə onları xalqımıza, dövlətimizə qarşı düşmənə çevirirlər. Onsuz da onların xisləti belə idi. Nəhayət, bu nankorluqlarından, xislətlərindən, şəxsiyyətsizliklərindən, xəyanətkar olmalarından bəhrələnirlər.

Çünki xüsusi xarici xidmət orqanları hər adama yaxınlaşıb, onu öz əllərinə keçirə bilməzlər. Bu insanlar elə mahiyyətcə ermənipərəstdirlər. Soyadlarında "yan" hissəciyi olmasa belə, əslində ermənidən seçilmirlər. Bir çox hallarda ermənidən çox erməni olmağı bacarırlar.

Təbii ki, belələrinə qarşı Azərbaycan dövlətinin sərt, prinsipial mövqeyi var və onların cinayət məsuliyyətinə cəlb edilmələri zərurətə çevrilib. Dəfələrlə parlamentdə də bu və digər məsələlər müzakirə edilib. Sapı özümüzdən olan baltalar əslində siyasətə söyüş texnologiyasını gətiriblər.

Çünki belə intellektdən uzaq, savadsız, biliksiz insanlardan anti-Azərbaycan, ermənipərəst dairələr başqa necə istifadə edə bilərlər? Kitabları, məqalələri, ağıllı mövqeləri ilə? Yox, çünki savadsız məxluqlardırlar. Bilirlər ki, bizim mentalitet söyüş ritorikasını qəbul etmir. Qabil Məmmədov, Tural Sadıqlı, Məhəmməd Mirzəli kimilərə qarşı artıq Baş Prokurorluq cinayət işi açıb.

Konkret aprel ayı üzrə müddət göstərilib ki, Prokurorluğun İstintaq İdarəsinə gəlsinlər. Bu məxluqlar yaşadıqları ölkələrin hüquq-mühafizə orqanlarına arxayın olmaq istəyirlər. Həmin məxluqların ön sırasında dayanan Qabil Məmmədov Almaniyada yaşayır.

Arxayındır ki, Almaniya hüquq-mühafizə orqanları onu verməyəcək. Məhəmməd Mirzəli ilə Fransada yaşayır və güman edir ki, Azərbaycan-Fransa münasibətlərinin gərginliyi fonunda Fransa onu Azərbaycana təqdim etməyəcək. Yalnış düşüncədir. Məncə, onların dünyaya gəlişləri, doğulmaları təbiətin bir səhvidir. Yenə də səhv edirlər.

Mütləq onlar ölkəyə gətiriləcəklər, sadəcə söhbət zamandan gedir. Yəqin ki, uzun vaxt almayacaq. Yaxın perspektivə ümid bəsləyirik. Azərbaycanın hüquq-mühafizə orqanları bu istiqamətdə işləyir. Qabil Məmmədovu 24 cinayət işi üzrə məsuliyyət gözləyir. Dələduzluq və bu kimi əməlləri öz yerində. Xüsusilə, ona qarşı terrorçuluğa dəstək, terrora çağırış kimi konkret cinayət maddələri üzrə iş açılıb.

Bu, Avropanın özündə də çox təhlükəli cinayət növü hesab edilir. Almaniyanın da, Fransanın da, digər üzdəniraqların məskunlaşdıqları ölkələrin hüquq-mühafizə orqanları da bu reallığa diqqət yetirəcəklər. Çünki terror hər yerdə terrordur, bəşəri cinayətdir”, - o bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top