“Yeni Motor” dövlət qurumlarına bir ildə 10 milyon manatlıq avtomobil satıb — ARAŞDIRMA

AVTO 14 mart 2025, 13:48
Azərbaycanda fəaliyyət göstərən brend şirkətlərin nümayəndələri ara-sıra tenderlərdə görünsələr də, bunu “Honda” şirkətinin Azərbaycandakı yeganə distribyutoru olan “Yeni Motor” MMC haqqında demək mümkün deyil. Tribunainfo.az bununla bağlı apardığı araşdırma nəticəsində bir sıra maraqlı məqamları üzə çıxarıb.

Qeyd edək ki, “Yeni Motor” MMC-ni “tender əjdahası” adlandırmaq olar. Çünki bu şirkət son bir ildə həm çoxsaylı tenderlərdə iştirak edib, həm də ölkədəki əksər dövlət qurumlarının tenderlərinin qalibi olub.

Belə ki, “Yeni Motor” 2024-cü ildə 26 tender müsabiqəsinə qatılıb. Bu müsabiqələr üzrə ayrı-ayrı dövlət qurumlarına 9 milyon 622 min 145 manatlıq avtomobil satıb.

Şirkətin ən bahalı satınalma müqaviləsi Minatəmizləmə Agentliyi ilə baş tutub ki, bunun da dəyəri 1.22 milyon manat təşkil edib. MMC Agentliyə pikap tipli minik nəqliyyat vasitələri satıb.

“Yeni Motor”un ən çox udduğu tenderlər isə Geodeziya və Kartoqrafiya Agentliyi, FHN və ƏƏSMN olub. Belə ki, ötən il MMC Geodeziya və Kartoqrafiya Agentliyinin iki tenderinə qatılıb və nəqliyyat vasitələrinin satın alınması üzrə 402 min 900 manatlıq müqavilə bağlayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında isə bunu demək mümkün deyil. Çünki “Yeni Motor” bu nazirliyin tabeliyində olan əksər qurumlara maşın satıb. Məsələn, bir ayın içində şirkət ƏƏSMN-in tabeliyində olan Dövlət Məşğulluq Agentliyinə ilə iki dəfə avtomobil satıb. Bunun müqabilində isə 649 min 947 manat qazanıb.

Analoji proseslər ƏƏSMN-in tabeliyindəki DOST Mərkəzi və DTSERA üçün də keçərlidir. Tribunainfo.az-ın araşdırmasına görə, DOTS ötən il “Yeni Motor”dan 171 min manatlıq, Dövlət Tibbi-Sosial Ekspertiza və Rebalitasiya Mərkəzi isə 741 min 300 manatlıq maşın alıb.

ƏƏSMN-in tabeliyindəki digər bir qurum, Sosial Xidfmətər Agentliyi də digərlərindən geri qalmayıb. Bu qurumla MMC arasında il ərzində iki satınalma müqaviləsi imzalanıb. Həmin müqavilələrin dəyəri isə 312 min manat təşkil edib.

Bu əsnada, FHN-də “Yeni Motor” MMC ilə üç tender müqaviləsi imzalayıb. 2024-cü ildə nazirliklə şirkət arasında 379 min 200 manatlıq satınalma müqaviləsi imzalanıb.

Qeyd edək ki, “Yeni Motor” MMC “Honda Motor Co” LTD şirkətinin Azərbaycandakı yeganə və rəsmi nümayəndəsidir. Şirkət 2008-ci ildə yaradılıb. “Yeni Motor” MMC-nin direktoru isə Elçin Əsədovdur. (Tribunainfo.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top