Londonda kitab təqdimatı keçirilib — FOTOLAR

ƏDƏBİYYAT 12 mart 2025, 16:39
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Azərbaycanın Böyük Britaniyadakı Səfirliyinin dəstəyi ilə martln 11-i London Beynəlxalq Kitab Sərgisinin açılış günündə “Azıx mağarası - Azərbaycan ərazisində ən qədim yaşayış məskəni” kitabının təqdimat mərasimi keçirilib.

London Beynəlxalq Kitab Sərgisinin çoxsaylı ziyarətçilərinin, Londonda Azərbaycan icmasının üzvlərinin, sahə üzrə mütəxəssislərin və tələbələrin qatıldığı tədbirdə kitabın həmmüəllifi tarix elmləri doktoru, professor Əsədulla Cəfərov qonaqlara nəşr haqqında geniş məlumat verib. Bəşər tarixinin inkişaf mərhələlərinin araşdırılması və öyrənilməsində Azıx paleolit düşərgəsində aşkar olunan maddi mədəniyyət qalıqlarının önəmindən bəhs edib. Müəllif, həmçinin Nazirliyin dəstəyi ilə ingilis dilində yenicə nəşr olunan kitabın dünya arxeologiya elminin tədqiqatçıları üçün mühüm mənbə olduğunu qeyd edib.

Tədbir zamanı Azıx mağarasının İkinci Qarabağ müharibəsindən sonra hazırlanmış video görüntüsü və müxtəlif foto materiallar nümayiş olunub.

Tədbirin sonunda “Azıx mağarası - Azərbaycan ərazisində ən qədim yaşayış məskəni” kitabı müəllifin imzası ilə qonaqlara hədiyyə edilib.

Qeyd edək ki, müxtəlif kitab mədəniyyətlərinin görüşdüyü, 60-dək ölkədən 1000-dən artıq iştirakçısı olan London Beynəlxalq Kitab Sərgisi martın 13-dək çoxsayda müzakirələr və təqdimatlarla davam edəcək.











SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top