Bakıda 44 yaşlı kişi qızının sevgilisini döydü — TƏFƏRRÜAT

KRİMİNAL 12 mart 2025, 15:00
Bakının Sabunçu rayonunda 1981-ci il təvəllüdlü Elçin şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qızının sevgilisi Fəridə (adlar şərtdir – red.) xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə 22 oktyabr 2024-cü ildə baş verib. 

Elçin həmin gün, saat 15 radələrində yaşadığı Sabunçu rayonu, Ramana qəsəbəsi, 9-cu mədən nömrəsiz ünvanda yerləşən evinin qarşısında tanıdığı Fəridin onu təhqir etməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı qəsdən yumruqla bir dəfə onun baş nahiyyəsindən vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Hadisəni törədən Elçinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elçin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O, ifadəsində göstərib ki, Sabunçu rayonu, Ramana qəsəbəsi, 9-cu mədən nömrəsiz ünvanda ailəsi ilə birgə yaşayır: 

“Əvvəllər qonşuluqda Fərid adlı şəxs də yaşayıb. Aramızda bir neçə dəfə münaqişələr olub. Təxminən 3 ay öncə Fərid oradan köçdü. Məlum hadisə günü, səhər saatlarında zibil atarkən Fərid qarşıma çıxaraq nəyə görə ondan vaxtıykən şikayət etdiyimi dedi, məni nalayiq ifadələrlə təhqir etdi. Buna məhəl qoymayaraq çıxaraq evə getdim. 

Bir müddət sonra Fərid arxamca gələrək evimin həyətinin taxta qapısını təpiklə vuraraq sındırdıqda onu düzəltdim. Bir müddət sonra qızım mənə Fəridin yenə də qapını vurduğunu dedi. Paltarımı geyinərək çölə çıxdıqda Fəridin qızım ilə mübahisə etdiyini gördüm. Bu zaman qızımı evə göndərdim və Fəriddən etdiyi hərəkətin səbəbini soruşdum. Fərid məni yenə də nalayiq ifadələrlə təhqir etdi. Bundan qəzəblənərək qəsdən yumruqla onun baş nahiyyəsindən bir dəfə zərbə vurdum. Törətdiyim cinayət əməlindən peşmanam”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Fəridin sözlərinə görə, əvvəllər 9-cu mədən ünvanında yerləşən nömrəsiz evdə yaşayıb: 

“Orada qonşuluqda yaşayan Səbinə adlı şəxslə yaxşı münasibətlərimiz olsa da, sonradan münasibətlərimiz pozuldu. Təxminən hadisədən 3-4 ay öncə oradan köçdüm. Hadisə günü, təxminən saat 15 radələrində dəmir yığarkən onların evinin yanından keçərkən Elçinə rast gəldim. Elçin məndən niyə orada olduğumu soruşduqda aramızda mübahisə yarandı. Bu zaman Elçin yumruqla bir dəfə mənim baş nahiyyəmdən zərbə vurdu. Bu zaman başımdan qan gəldi”. 

Bu cinayət işinə Sabunçu Rayon Məhkəməsində baxılıb. 

Məhkəmənin hökmü ilə Elçin aylıq qazancından 5 faiz dövlət nəfinə pul tutulmaqla 1 il müddətə islah işləri cəzasına məhkum edilib. Hökmün icrası Bakı Şəhər Probasiya İdarəsinə tapşırılıb.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top