Bakıda arvadını döyən kişi ev dustağı edildi

KRİMİNAL 04 mart 2025, 17:03
Bakının Xəzər rayonunda 1977-ci il təvəllüdlü Əhməd şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Aytənə (adlar şərtidir – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Xəzər rayonu, Binə qəsəbəsində baş verib. Əhməd həmin qəsəbədə yerləşən evində aralarında yaranan münaqişə zamanı əli ilə qəsdən vuraraq arvadının alının sol göz nahiyyəsinə xəsarətlər yetirib. 

Hadisəni törədən Əhmədin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əhməd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, arvadı Aytən ilə nikahlarından 3 övladları var: “Hadisə günü, saat 22 radələrində Aytən ilə aramızda mübahisə baş verdi. Mübahisə zamanı əsəbləşərək Aytəni əlim ilə qəsdən vurdum”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Aytənin sözlərinə görə, hadisə günü, saat 22 radələrində yaşadıqları evdə olduğu zaman Əhmədlə arasında mübahisə baş verib: “Mübahisəyə səbəb mənim azyaşlı oğlumu dərslərini çalışmağa çağırmam olub. Bu səbəbdən aramızda mübahisə baş verdiş Mübahisə zamanı Əhməd məni əli ilə qəsdən vuraraq müxtəlif bədən xəsarətləri yetirdi”.

Bu cinayət işinə Xəzər Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Əhməd 6 ay 16 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. 

Təqsirləndirilən şəxsin yaşadığı evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi tapşırılıb. 

Həmçinin təqsirləndirilən şəxsin üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulub.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top