"PKK-nın tamamilə məhv edilməsi ilə Türkiyə yeni bir inkişaf mərhələsinə qədəm qoyacaq" — ŞƏRH

DÜNYA 03 mart 2025, 18:55
Türkiyə ilə PKK arasında 40 ildən artıq davam edən münaqişədən sonra atəşkəs elan edilib. Bu qərar, həbsdə olan PKK lideri Abdullah Öcalanın təşkilata silahları yerə qoymaq və buraxılmaq çağırışından sonra gəlib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Öcalanın bu mesajını sülhə doğru yeni bir addım kimi qiymətləndirib. Lakin, rəsmi sülh danışıqları hələ Türkiyə hökuməti tərəfindən təsdiqlənməyib.
Abdullah Öcalanın silahların buraxılması çağırışı və PKK-nın atəşkəs elan etməsi Türkiyənin daxili siyasətinə və bölgədəki geosiyasi balanslara necə təsir göstərə bilər? Bu addım, Türkiyə hökuməti ilə PKK arasında uzunmüddətli sülh prosesinin başlanğıcı ola bilərmi?


Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən politoloq Tural İsmayılov bildirib ki, Türkiyə uzun müddətdir ki, PKK-ya qarşı böyük və uğurlu əməliyyatlar həyata keçirir:

“Məhz Türkiyənin səyləri və qətiyyəti nəticəsində, xüsusilə son 5 il ərzində PKK ağır zərbələr alıb. Eyni zamanda PKK-nın ən təhlükəli hissələrindən biri olan QCQ terror strukturu da Türkiyə tərəfindən darmadağın edilib. Bu gün isə həm PKK, həm də ona havadarlıq edən xarici qüvvələr açıq şəkildə anlayırlar ki, güclənmiş və qlobal aktora çevrilmiş Türkiyənin qarşısında PKK və ya hər hansı digər terror şəbəkəsinin ayaqda qalması mümkün deyil.  Türkiyə artıq uzun müddətdir ki, istər PKK, istər FETÖ, istərsə də digər terror təşkilatlarına qarşı ciddi tədbirlər həyata keçirir və onların kökünü tamamilə kəsmək üçün böyük addımlar atır. PKK terrorunun Türkiyədə tamamilə bitməsi isə ölkə daxilində ictimai və siyasi sabitliyin daha da möhkəmlənməsinə səbəb olacaq. Xüsusilə də AKP-MHP ittifaqından ibarət olan Cümhur İttifaqının siyasi reytinqləri və ona olan ictimai simpatiya daha da artacaq. Bundan əlavə, Türkiyənin PKK-nı məhv etməsi Suriyadakı PKK-ya bağlı YPG və PYD kimi terror qruplaşmalarına da ciddi təsir göstərəcək və onların da tədricən dağılma prosesi başlayacaq.

Hər halda, hesab edirəm ki, Türkiyə dövlətinin terroru tamamilə aradan qaldırması və uzun illərdir ölkəni geri saxlamaq, sabitliyini pozmaq üçün istifadə edilən PKK-nın tamamilə məhv edilməsi ilə Türkiyə yeni bir inkişaf mərhələsinə qədəm qoyacaq”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top