TƏCİLİ! Bakıda avtobus sürücüsü əlil sərnişini döydü

HADİSƏ 26 fevral 2025, 12:13
Bakının Sabunçu rayonunda 1990-cı il təvəllüdlü Fərid şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı Fərmana (adlar şərtidir – red.) xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin avqustun 16-da saat 15 radələrində ictimai yer hesab edilən Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Mərkəzi küçəsində baş verib. 

Fərid yolu keçən piyada Fərmanın onun yaxasından tutmasını bəhanə edib, əsaslı səbəb olmadan digərlərinin gözü qarşısında ona qarşı fiziki zor tətbiq edib, əli ilə sifət nahiyəsinə bir neçə dəfə vurub. 

Hadisəni törədən Fəridin barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fərid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. 

O, ifadəsində göstərib ki, avqustun 16-da, saat 15 radələrində Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində yolu keçən piyadaya yol verib: 

“Həmin piyadanın avtobusa minmək istədiyini anlamadım. Həmin şəxs, sonradan adını bildiyim Fərman arxa qapı tərəfdən şüşəni döydü, sonra narazı formada qabaqdakı qapıya tərəf gəldi və narazılığını bildirdi. Mən həmin piyadaya qabaq qapıdan da avtobusa minə biləcəyini bildirdim. Lakin həmin şəxs sakitləşmədi. Bundan sonra avtobusdan aşağı endim. Fərman mənim köynəyimin yaxasından tutdu. Bu zaman mən Fərmanı itələdim. Amma onu vurmadım”.

Təqsirləndirilən şəxs əlavə edib ki, zərərçəkmiş şəxslə mübahisə edən zaman avtobusda sərnişinlər olub, onlardan bəzilərinin enərək onları sakitləşdirməyə çalışıb.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Fərmanın sözlərinə görə, avqustun 16-da, saat 15 radələrində Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Mərkəzi küçəsində 162 saylı avtobusun sürücüsü avtobusu saxladıqda o, avtobusa minmək üçün arxa qapıdan yaxınlaşıb: 

“Lakin sürücü arxa qapını açmadı. Bu zaman mən qapının şüşəsini əlim ilə döysəm də, sürücü qapını açmadı. Mən əlil və xəstə olmam ilə əlaqədar uzun müddət ayaq üstə dayana bilmirəm. Bu səbəbdən çətinliklə qarşı qapıya gəldim və sürücüyə dedim ki, insafın olsun, niyə arxa qapını da açmırsan. Bu zaman sürücü avtobusdan enərək məni ağız nahiyyəmdən vurdu. Mən yerə yıxıldım, orada olan sərnişinlər məni ayağa qaldırdılar”. 

Bu cinayət işinə Sabunçu Rayon Məhkəməsində baxılıb. 

Məhkəmənin hökmü ilə Fərid 10 ay 28 gün müddətə islah işləri cəzasına məhkum edilib. 


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 fevral 2025, 14:54
Top