Praqa Azərbaycan Mədəniyyət Evində sərgi açılıb — FOTOLAR

MƏDƏNİYYƏT 20 fevral 2025, 10:59

Praqa Azərbaycan Mədəniyyət Evində “İki gözəllik harmoniyası: Azərbaycan xalçası və Çex kristalı” adlı sərginin açılışı olub.

Demokrat.az xəbər verir ki, sərgi Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, “Azərxalça” ASC və Praqada fəaliyyət göstərən “Halama” Çex Kristal şirkətinin təşkilatçılığı ilə baş tutub.

Sərgidə Azərbaycanın dünyaca məşhur, zəngin mədəni, milli-mənəvi sərvətimiz olan xalça nümunələri və “Halama”nın Çexiya əl şüşə sənətinə məxsus maraqlı əsərləri nümayiş olunur.

Tədbirdə Çexiya hökumətinin və parlamentinin üzvləri, Çexiyadakı diplomatik nümayəndəliklərin rəhbərləri, Çexiyadakı Azərbaycan icmasının üzvləri, yerli ictimaiyyətin və yerli mətbuatın nümayəndələri iştirak edib.

“Natəvan” Cəmiyyətinin sədri, Şərqi Avropa Azərbaycanlıları Koordinasiya Şurasının Çexiya üzrə koordinatoru, Praqa Azərbaycan Mədəniyyət Evinin rəhbəri, sərginin ideya müəllifi Leyla Begim Cəfərova sərgi barədə ətraflı məlumat verib, bu məzmunun həm Azərbaycan, həm də Çexiya tərəfindən dərhal dəstəklənməsindən məmnunluğunu ifadə edib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov mədəniyyətin insanlar və xalqlar arasındakı əlaqələri möhkəmləndirdiyinə diqqət çəkib, xaricdəki Azərbaycan evlərinin bu sahəyə verdiyi töhfələrdən danışıb: “Sənət sərhəd tanımır və sənətlə, zəngin tariximizlə bağlı olan bu mühüm tədbir ənənələri müasir istiqamətlərdə yaşatmağın, xalqlarımız arasında mədəni mübadilənin dərinləşməsinin bariz nümunəsidir. Cənab Prezidentin tapşırıqları əsasında xaricdə fəaliyyət göstərən Azərbaycan Evlərinin hər birində ana dilinin tədrisi ilə yanaşı, tarix və mədəniyyətimizin də geniş təbliği həyata keçirilir. Azərbaycan Evləri təkcə soydaşlarımız üçün deyil, həm də yerli əhali üçün mədəni mərkəz rolunu oynayır, xalqlar və dövlətlər arasında birliyin daha da möhkəmlənməsinə şərait yaradır. Bu mənada bugünkü sərginin Azərbaycan Evində keçirilməsinin əhəmiyyəti böyükdür”.

Sərginin kolleksiyasına müxtəlif ölçülü, fərqli xalçaçılıq məktəblərinə aid həm müasir, həm də klassik üslubda toxunmuş 11 yun xalça daxildir. Həmin tarixi sənət nümunələri, eləcə də çex büllurları izləyənləri heyran edib.

Açılış mərasimində Azərbaycan xalçaçılıq sənəti, çex büllurları və diaspor fəaliyyəti mövzusunda videoçarxlar nümayiş olunub.

Sərgi mədəni hissə ilə davam edib.  2020-ci ildə Çexiyada “İlin adamı” seçilən istedadlı musiqiçi Canel Nəcəflinin, fleyta ifaçısı Hana Jıtnıkovanın ifasında səslənən Azərbaycan və çex musiqiləri zövqləri oxşayıb.

Sərgi bir ay davam edəcək. Praqa Azərbaycan Mədəniyyət Evinin qapıları hər kəsin üzünə açıqdır, soydaşlarımız, yerli sakinlər və şəhərin qonaqları bu əsrarəngiz sərgiyə tamaşa edə bilərlər.

Qeyd edək ki, Praqa Azərbaycan Evi 2024-cü il noyabrın 6-da açılıb və fəaliyyətə başladığı gündən burada təşkil olunan saysız-hesabsız tədbirlər Çexiyadakı Azərbaycan icmasının və yerli cəmiyyətin əlaqələrinin inkişafında böyük rol oynayıb.

Hazırda 18 ölkədə 29 Azərbaycan Evi fəaliyyət göstərir, həmin evlər soydaşlarımızın tarix və mədəniyyətimizi, ana dilimizi öyrənmələrində, eləcə də diasporla yerli cəmiyyətlərin əlaqələrinin intensivləşməsində xüsusi rola malikdir.

 











 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 fevral 2025, 22:20
21 fevral 2025, 20:46
Top