Tramp İranla münasibətlərdən nə gözləyir? — AÇIQLAMA

DÜNYA 07 fevral 2025, 14:05
"İranın əsas gözləntisi ABŞ-la münasibətlərin normal saxlanılmasıdır. İran hal-hazırda bunun üçün fəaliyyət göstərir. Faktiki olaraq, keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərifin vitsə-prezident təyin edilməsində əsas məqsəd də budur. ABŞ ilə münasibətləri Məhəmməd Cavad Zərif həyata keçirəcək.  İran xarici işlər naziri Abbas Araqçı da öz açıqlamasında bildirib ki, İran nüvə silahının əldə edilməsi ilə bağlı prosesləri dayandıra bilər".

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Zeynal Əmrəliyev deyib. 

"Hal-hazırda iki ölkə arasındakı münasibətlər normal şəkildə davam edir. Ancaq, İsrail və Tramp administrasiyasıyla olan yaxınlıq ona deməyə əsas verir ki, münasibətlərdə gərginlik qaçılmazdır. Xüsusilə də İran və İsrail arasında hansısa bir formada toqquşma olarsa ABŞ-ın prosesə müdaxilə edəcəyi gözləniləndir. Təbii ki, burda əsas məsələ İranın Çinə qarşı hansı mövqe sərgiləyəcəyidir. Çünki məlum olduğu kimi, İran və Çinin arasında müttəfiqlik münasibətləri uzun müddətdir ki, hökm sürür. Tramp administrasiyası İrandan tələb edəcək ki, Çinə qarşı olan iqtisadi müharibəyə qoşulsun. İran əgər iqtisadi müharibədə fəal şəkildə iştirak edərsə, Tramp administrasiyasının İrana qarşı münasibəti yumşala bilər".

O bildirib ki, bir başqa əsas məsələ isə nüvə silahı ilə bağlıdır:

"ABŞ -ın İran qarşısında tələbləri var. Yaxın Şərqdəki qüvvələr, xüsusilə də Həmas və Hizbullah məsələsində də İran üzərinə düşən öhdəliyi yerinə yetirməlidir. Məlum olduğu kimi, Tramp Qəzza zolağını tamamilə sökmək və HƏMAS-ı bitirmək istəyir. ABŞ-ın İrandan əsas gözləntisi məhz HƏMAS-dan imtina etmək olacaq. Həmçinin, yaxın gələcəkdə olacaq zəiflətmə proseslərində İran ABŞ-a mane olmamalıdır".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top