“Ermənistan bu təxribatlara son qoymalıdır” — Millət vəkili

GÜNDƏM 03 fevral 2025, 15:48
Həm beynəlxalq müstəvidə, həm Ermənistanla ikitərəfli təmaslar əsnasında biz daim bir məsələni qeyd edirik ki, Azərbaycandan Azərbaycana maneəsiz keçid olmalıdır.

Bunu Prezident İlham Əliyev nəqliyyat məsələlərinə həsr edilmiş müşavirədə çıxış edərkən deyib.

"Heç bir yoxlamadan keçmədən, heç bir maneə ilə üzləşmədən Azərbaycandan Azərbaycana rahat və azad keçid olmalıdır. Bu, bizim tələbimizdir və nəzərə alsaq ki, Qərbi Zəngəzuru sovet hakimiyyəti bizim əlimizdən 1920-ci ilin noyabrında alıb və Azərbaycan xalqına qarşı cinayət törədib, bu, birinci və sonuncu cinayət deyildi. İkincisi, ondan sonra ardıcıllıqla əgər getsək, cinayət dırnaqarası “Dağlıq Qarabağ Muxtar Vilayəti”nin Azərbaycan ərazisində yaradılması idi. Ondan əvvəlki cinayət ermənilərin çar Rusiyası tərəfindən Azərbaycan ərazisinə köçürülməsi idi. Ondan əvvəlki cinayət Qarabağ xanının öldürülməsi idi, hansı ki, zəmanət verilmişdi ki, o, öz rəhbərliyini Qarabağda icra edəcək və XX əsrin digər cinayətləri də göz önündədir. Xocalı soyqırımı, 20 Yanvar və torpaqlarımızın 1990-cı illərin əvvəllərində işğalı. Yəni, biz bunu unutmamışıq, Azərbaycan xalqı bunu unutmayıb. Biz Zəngəzuru unutmamışıq və unutmayacağıq. Yenə də deyirəm, bizim Ermənistana ərazi iddiamız yoxdur. Ancaq Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək Azərbaycandan Azərbaycana maneəsiz keçid verməlidir", - dövlət başçısı bildirib.



Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən millət vəkili Ceyhun Məmmədov bildirib ki, tarixdən də məlum olduğu kimi 1920-ci ildə bu ərazilər Azərbaycandan qoparılaraq ermənilərə verildi:

“Belə bir haqsızlıqla Azərbaycan xalqı üz-üzə qaldı. Bu bir dəfə yox,dəfələrlə baş verib. Artıq bildiyiniz kimi Sovet dövründə də bu kommunikasiya xətləri olub. Dəmir yolu, avtomobil yolu mövcud olub. Bu gün isə Ermənistan o layihəyə mane olmaq istəyir. Bilirsiniz ki, onlar bu razılaşmaya razılıq verib. Ermənistan üzərinə öhdəlik götürmüşdü ki, bu yolu açacaq”.

Millət vəkili onu da qeyd edib ki, Azərbaycanın Ermənistandan tələbi bu öhdəliyə riayət etməsi və təxribatlardan çəkinməsidir:

“Bizim istəyimiz öhdəliyin yerinə yetirilməsidir. Ermənistan bu təxribatlara son qoymalıdır. Bu cür absurd layihələrin sonu olmalıdır. Beləliklə məqsəd və hədəfimizə nail olacağıq. Ermənistan bu məsələdə bizə mane ola bilməz. Yəni Azərbaycan öz ərazilərinə rahat və  problemsiz getməlidir.  Bunun üçün də Azərbaycana şərait yaradılmalıdır. Ermənistan bunu etmədiyi təqdirdə münasibətlərin normallaşmasından söhbət gedə bilməz. Bu dəhliz mütləq açılmalıdır”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
03 fevral 2025, 17:54
Top