"Nimesil"in xeyirdən çox zərəri var? — Azərbaycanlı həkim dəhşətli fəsadlardan danışdı

SOSİAL 30 yanvar 2025, 17:50

Bəzi xarici kütləvi informasiya vasitələrinin məlumatına görə, ABŞ-də və Avropada "Nimesil" dərman vasitəsi qadağa olunub. Səbəbi isə onunla əsaslandırırlar ki, "Nimesil"in çoxsaylı fəsadları var. Məsələn, sözügedən ağrıkəsicinin selikli qişanı, mədənin divarlarını əritdiyi, toksiklik dərəcəsi yuxarı olduğu üçün qaraciyəri dağıtdığı, mədədə yanma hissi yaratdığı, bəzən qanaxmaya səbəb olduğu vurğulanır.

Maraqlıdır ki, Azərbaycanda bu preparat qadağan oluna bilərmi? "Nimesil"in zərərləri daha çox nələrdir?

Pediatr, infeksionist Aytən Ziyadova mövzu ilə bağlı Oxu.Az-a danışıb.

O qeyd edib ki, "Nimesil", əsasən, ağrıkəsici və iltihab əleyhinə təsir göstərən bir dərmandır və nimesulid adlı aktiv maddəni ehtiva edir:

"Həm uşaqlarda, həm böyüklərdə istifadə olunsa da, bu dərmanın bəzi təhlükəli yan təsirləri mövcuddur.

Böyüklərdə "Nimesil"in zərərlərindən danışarkən əvvəlcə mədə və bağırsaq problemlərini qeyd etməliyik. "Nimesil" mədə-bağırsaq traktında ciddi problemlərə səbəb ola bilər. İltihab, xora və qanama kimi hallardan söhbət gedir. Bundan əlavə, uzun müddət istifadə edildikdə ürək-damar sisteminə təsir edə və yüksək qan təzyiqi, ürək çatışmazlığı, damar problemləri riskini artıra bilər.

"Nimesil" həm də qaraciyər və böyrək funksiyalarına təsir edir. Qaraciyər zədələnməsi və böyrək problemləri, xüsusilə uzun müddət istifadə etdikdə daha çox müşahidə olunur".

A.Ziyadova vurğulayıb ki, "Nimesil" allergik reaksiyalara da səbəb olur:

"Bəzi insanlar dərmana qarşı allergik reaksiyalar göstərə bilərlər. Söhbət qaşınma və nadir hallarda anafilaktik şokdan gedir. "Nimesil" istifadə edən bəzi insanlarda nəfəs darlığı və asqırma kimi tənəffüs problemləri yaranır.

"Nimesil" uşaqlarda ümumiyyətlə tövsiyə edilmir. Çünki bu dərmanın istifadəsi onlarda müxtəlif fəsadlar yaradır. Sözügedən preparat uşaqlarda qaraciyər funksiyalarına təsir göstərə və zədələnməsinə səbəb ola bilər. Uşaqlarda mədə ağrıları, qusma, qarın ağrısı və həzm problemini vurğulaya bilərik. Uşaqlar, xüsusilə iki yaşdan kiçik olanlarda "Nimesil"in yan təsirləri daha çox hiss olunur və təhlükəlidir".

Həkim əlavə edib ki, uşaqlarda baş dönməsi, yuxu asılılığı və sinir sistemində digər problemlər meydana çıxa bilər:

"Nimesil" böyüklər üçün yalnız həkim məsləhəti ilə və qısa müddət üçün istifadə edilməlidir. Uşaqlarda "Nimesil" istifadə edilməməlidir, xüsusən də həkim tərəfindən təyin olunmadığı halda. Dərman istifadəsi zamanı hər hansı bir mənfi təsir hiss olunsa, dərhal həkimə müraciət etmək lazımdır. Xüsusilə qaraciyər və böyrək problemləri olan şəxslər bu dərmandan ehtiyatla istifadə etməlidirlər. "Nimesil"in istifadəsi haqqında hər zaman həkimə müraciət etməyiniz tövsiyə olunur, çünki dərmanların istifadəsi şəxsi sağlamlıq vəziyyətinizə görə dəyişə bilər".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
30 yanvar 2025, 21:16
Top