Bu ilin Konstitusiya və Suverenlik ili olmasının Azərbaycan üçün əhəmiyyəti — Rauf Zeynidən AÇIQLAMA

DAXİLİ SİYASƏT 22 yanvar 2025, 12:31
"Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi" İctimai Birliyinin sədri Rauf Zeyni, QHT.az-a verdiyi açıqlamada Azərbaycanın müstəqillik tarixinin önəmli mərhələlərinə toxunaraq, ölkəmizin əldə etdiyi suverenliyi və konstitusiyanı yüksək qiymətləndirib.

QHT sədri qeyd edib ki, Azərbaycan Respublikası müstəqillik əldə edəndən sonra mənfur qonşular tərəfindən terrora, işğala və soyqırımına məruz qalıb, ərazilərinin 20 faizinin işğal olunduğunu xatırladıb. Lakin 2020-ci ildə Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən milli, bəşəri və mütərəqqi siyasət nəticəsində müzəffər ordu torpaqlarımızı işğaldan azad edib. Rauf Zeyni Azərbaycan xalqının birlik və həmrəylik nümayiş etdirərək, 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbənin xalqımız və dövlətimiz üçün tarixi bir məqam olduğunu vurğulayıb:

"1923-cü il, 19 sentyabrda 23 saat ərzində Azərbaycan tam suverenliyini bərpa etdi, terrorçuları və işğalçıları ölkəsindən uzaqlaşdırdı. Terrora, işğala və suverenliyə olan təhdidlərə son qoyuldu və təbii ki, çox sevindirici hal oldu ki, 2025-ci il cənab Prezident tərəfindən Konstitusiya və Suverenlik ili kimi qeyd olunur. Çünki ölkə Prezidenti yaxşı bilir ki, bu gün Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və onun konstitusiya quruluşuna müəyyən təhdidlər və təsirlər mövcuddur. Ona görə də xalqımız, dövlətimiz, bütövlükdə dünya azərbaycanlıları və bütün qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti bu təşəbbüsü gözləyirdik ki, Konstitusiya və suverenliyimizin müdafiəsi uğrunda bir il ərzində daha fəal və daha aktiv fəaliyyət göstərmək üçün əlaqədar tədbirlərin və layihələrin həyata keçirilməsi üçün yeni imkanlar yaranır. Bu imkanlar çərçivəsində, bu il ərzində düşünürəm ki, Konstitusiyanın əhəmiyyəti və mahiyyəti, onun tarixi bir nailiyyət olması, eyni zamanda şirin arzularının gerçəkləşməsi qeyd olunacaq. Vaxt var idi ki, biz yalnız və yalnız müstəqillik haqqında arzu edə bilirdik və düşünə bilirdik. Amma bu düşüncələr, bu arzular gerçəklik oldu".

Rauf Zeyni Azərbaycanın müstəqillik yolunda keçdiyi çətin və ağır mərhələləri, o cümlədən Sumqayıt hadisələri, 20 Yanvar faciəsi, Xocalı soyqırımı və digər faciələri unutmadan, bu gün ölkənin müstəqillik və suverenliyini qorumağın hər bir vətəndaşın və təşkilatın əsas vəzifəsi olduğunu vurğulayıb: 

"Bizim xalqımız yaşayıb ki, bu müstəqillik, bugünkü suverenlik və konstitusiya ərsəyə gəlsin. Bununla da Azərbaycan xalqı azad, müstəqil, demokratik, güclü və qüdrətli Azərbaycanı yarada bilsin, onu qoruyub saxlaya bilsin. Bax, bu məsələlərə görə, bu il Konstitusiya və Suverenlik ili olması çox tarixi bir hadisədir və bütün ictimaiyyət, düşünürəm ki, bunu yüksək qiymətləndirir. Biz hamımız bir yerdə, bütövlükdə, bu müstəqilliyi, bu azadlığı, suverenliyi, bu ali ana yasamızı, qanunu konstitusiyamızı və bütövlükdə dövlətçiliyimizi, təhlükəsizliyimizi ən yüksək səviyyədə qorumalıyıq və bunu dünyaya nümayiş etdirməliyik".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
22 yanvar 2025, 14:43
Top