Davos Forumu: Azərbaycan üçün əhəmiyyətli platforma, ölkə nüfuzunun təsdiqi

XARİCİ SİYASƏT 20 yanvar 2025, 16:43

Azərbaycanın aktiv iştirak etdiyi beynəlxalq tədbirlər sırasında Davos İqtisad Forumu xüsusi rola malikdir. Bu il 55-ci iclasını keçirən Forumda qlobal iqtisadi məsələlər ətrafında ciddi müzakirələr aparılır, panel iclaslar keçirilir.

Nüfuzuna görə Davos Forumu yüksək reytinqə malikdir və bu səbəbdən də burada aparılan müzakirələrə diqqət də yüksək olur.

Məlumat üçün bildirək ki, Azərbaycanın Davos Forumunda ilk dəfə iştirakı 1995-ci ilə təsadüf edir. Həmin ilin 27-31 yanvar tarixlərində Ulu Öndər Heydər Əliyev ilk dəfə olaraq Forumda iştirak edib. Sonrakı illərdə də bu ənənə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən davam etdirilib.

O, 2007-ci ildən başlayaraq mütəmadi olaraq bu tədbirdə iştirak edir və bu, səbəbsiz deyil. Cənubi Qafqazda lider mövqeyə malik olan Azərbaycan hər il sosial-iqtisadi, siyasi, enerji, nəqliyyat və digər sahələrdə uğurlar əldə edir və bu nailiyyətlərə dünyanın marağı getdikcə daha da artır.

Azərbaycanın Davos İqtisadi Forumunda iştirakı və fəallığını ilbəil artırması Prezident İlham Əliyevin rəhbərliyi sayəsində ölkəmizin davamlı uğurları ilə bağlıdır. Dövlət başçısı hər il keçirilən iclaslar çərçivəsində çıxışlar edib, panellərə qatılıb, çoxsaylı suallara cavab verib.

Bu uğurun nəticəsidir ki, Azərbaycan 2013-cü ilin aprelin 12-də Dünya İqtisadi Forumunun iştirakçılarını Bakıda qəbul etdi. Dünyanın iqtisadi vəziyyətini proqnozlaşdıran tanınmış iqtisadçılar, ekspertlər, dövlət və hökumət nümayəndələri Bakıda bir araya gələrək bəşəriyyəti narahat edən mühüm iqtisadi məsələləri müzakirə etdilər.


İlham Əliyev

“Dünya İqtisadi Forumunun Azərbaycanda keçirilməsi bizim üçün bir qürurdur. Azərbaycan çox böyük imkanların olduğu bir ölkədir. Ümumiyyətlə, son illər ərzində ölkədə çox böyük iqtisadi artım göstəriciləri qeydə alınmışdır. Bu, ilk növbədə, ölkənin müstəsna təbii resurs potensialının düzgün istifadəsi sayəsində mümkün olmuşdur. Eyni zamanda, bu nailiyyətlər həmin resurslardan ölkə iqtisadiyyatının şaxələndirilməsində uğurla və bacarıqla istifadə edilməsi sayəsində qazanılmışdır. Azərbaycan informasiya texnologiyaları, maliyyə, tikinti sahələrində çox qabaqcıl bir ölkədir”, - deyə Dünya İqtisadi Forumunun təsisçisi və icraçı direktoru Klaus Şvab açılış nitqində bəyan etmişdi.

Dünya İqtisadi Forumu iqtisadiyyatın rəqabətə davamlılığı baxımından Azərbaycanı 2013-cü ildə 46-cı yerdə qərarlaşdırmışdı və bu sahədə ölkəmiz ardıcıl olaraq dörd il MDB məkanında birinci yerdə qərarlaşıb.

Bakıda Davos Forumunun keçirilməsini ekspertlər Azərbaycanın iqtisadi və siyasi qələbəsi və son illər bu sahədə qazandığı nailiyyətlərin nəticəsi kimi qiymətləndirirlər. Çünki ilk dəfə idi ki, Davos Forumu Qafqaz və Mərkəzi Asiyada keçirilirdi. Region ölkələri arasından Azərbaycanın seçilməsi isə məhz ölkəmizin bölgədə əhəmiyyətini göstərən əsas faktorlardan biri idi. Ekspertlərin rəyinə görə, 2013-cü ildə Dünya İqtisadi Forumunun Bakıda keçirilməsi Azərbaycanın qlobal biznes ölkəsi kimi tanınması üçün də mühüm hadisə oldu.

2007-ci ildən faktiki olaraq Forumun hər iclasına qatılan Prezident İlham Əliyevə hər zaman tədbir iştirakçılarının xüsusi diqqət və marağı olub. Çünki Azərbaycan davamlı olaraq uğurlar əldə edir və beynəlxalq layihələrdə aktiv iştirak edir. Davos Forumunda ən çox görüşlər keçirən, müzakirələr aparan və müxtəlif əməkdaşlıq təklifləri alan dövlət başçıları sırasında İlham Əliyevin xüsusi yeri var.

Reallıq odur ki, dünya enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolu günbəgün artır. Davos İqtisadi Forumunda qlobal enerji layihələrinin şaxələndirilməsi bölgədə və dünyada əməkdaşlığın genişləndirilməsi istiqamətində önəmli amil kimi qeyd olunur. Azərbaycan neft-qaz ixracatçısı kimi beynəlxalq aləmdə mövqeyini möhkəmləndirir. Dövlət başçısının vurğuladığı kimi, Azərbaycan qazı üçün qapılar, yeni tranzit yollar açılır.

Yeri gəlmişkən, iqtisadi xarakter daşımasına baxmayaraq, Davos Forumu dünya siyasətinə, beynəlxalq münasibətlərə ciddi təsirə malikdir. Forum dünyanın iqtisadi mənzərəsinin şəkilləndirilməsində önəmli rol oynayır. Burada irəli sürülən yeni fikirlər, təkliflər qlobal iqtisadiyyata yeni istiqamətlər verir.

Davos Forumu, eyni zamanda, iqtisadi güc mərkəzlərinin bir-biri ilə dialoqu və dünya ictimaiyyətinə hesabat xarakteri daşıyır. Qlobal iqtisadi böhranın, milyonlarla insanın yaşayışına, ayrı-ayrı dövlətlərin iqtisadiyyatına təsir edən siyasi münaqişələrin davam etdiyi, ərzaq çatışmazlığı probleminin mövcud olduğu indiki dövrdə siyasi liderləri, iş adamlarını, vətəndaş cəmiyyəti qurumlarının rəhbərlərini bir araya toplayan Davos Forumu, şübhəsiz ki, bir çox məsələlərin müzakirəsinə və vacib qərarların qəbuluna əlverişli mühit yaradır.


Muxtar Babayev

Beləliklə, bu gün başlayan Davos Dünya İqtisadi Forumunda "COP30-a gedən yol" mövzusunda panel müzakirə də keçiriləcək. Tədbir yanvarın 21-də baş tutacaq. Müzakirədə Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil, Braziliya xarici işlər nazirinin iqlim, enerji, ətraf mühit üzrə müavini Andre Korrea do Laqo və digər yüksək vəzifəli nümayəndələr iştirak edəcəklər.

Qeyd edək ki, Davos forumu bu il yanvarın 20-dən 24-dək keçiriləcək.

Xatırladaq ki, Davos forumu yalnız bir dəfə 2002-ci ildə ABŞ-dakı 11 sentyabr terror hadisəsinə etiraz əlaməti olaraq Nyu-Yorkda keçirilib. Bu forumda 106 ölkədən 3 min nümayəndə Nyu-Yorka toplaşaraq 11 sentyabr terror ‎hadisələrinə qarşı çıxdıqlarını nümayiş etdiriblər. Forumda Azərbaycan Prezidenti Heydər Əliyev də iştirak edib və öz çıxışında sentyabrın 11-də Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində baş vermiş terror aktından son dərəcə narahatlıq duyduğunu bildirib.

Dövlət başçısı bütün dünya dövlətlərinin səylərini beynəlxalq terrorizmlə birgə mübarizə üçün birləşdirməyin vacibliyini bildirib. Heydər Əliyev Beynəlxalq terrorizmin qaynaqlarından birinin separatizm olduğunu bildirərək bunu Dağlıq Qarabağın timsalında izah edib.

Dünya İqtisadi Forumu 1971-ci ildə İsveçrədə biznesmen, professor Klaus Şvab tərəfindən təsis olunan dövlət və hökumət başçılarının, yüksək vəzifəli biznesmenlərin, elm və din xadimlərinin iştirakı ilə keçirilən geniş tərkibli illik iclasdır. Forum əksər hallarda İsveçrənin Davos şəhərində təşkil olunduğu üçün həmçinin, Davos Forumu adlandırılır.

Dünya İqtisadi Forumu qlobal və regional səviyyədə dünyanın başlıca siyasi, sosial və iqtisadi problemlərinin müzakirəsinin aparılması üçün ideal ortam hesab olunur. Bunun əsas səbəbi iqtisadi və siyasi sahədə fəaliyyət göstərən nüfuzlu beynəlxalq və regional səviyyəli təşkilatların rəhbərləri ilə interaktiv dialoqların və qeyri-rəsmi danışıqlar üçün əlverişli mühitin təşkil olunmasıdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top