Maliyyə naziri Samir Şərifovun vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin olunması hökumətin dövlət gəlirləri və ümumilikdə maliyyə sektoru ilə bağlı yeni planlarının tərkib hissəsi ola bilər.
S.Şərifovun 18 il nazir postu tutması onun fəaliyyətinə etimaddan xəbər verir. Elə Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində də büdcə gəlirlərindən, ölkənin maliyyə sektorundakı durumdan razılığını bildirərək, ümumi mənzərəni müsbət dəyərləndirmişdi.
Xatırladaq ki, Samir Şərifovla bağlı qərar verilsə də, onun yerinə - maliyyə naziri postuna təyinat olmayıb. Bunun fonunda ehtimal olunur ki, dövlət gəlirləri və ona nəzarət sektorunu əhatə edəcək vahid dövlət qurumu formalaşdırılır. Belədə Maliyyə Nazirliyi də nəzarət funksiyaları ilə birlikdə yeni qurumun tərkib hissəsinə daxil edilə bilər.
“AzPolitika” xəbər verir ki, “Gününsəsi.info” saytı hökumətdəki mənbələrə istinadla belə bir qurumun yaradılacağını, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin də ona rəhbər təyin olunacağını yazıb.
Qeyd olunur ki, yeni qurumun tərkibinə Maliyyə Nazirliyi ilə yanaşı Dövlət Vergi Xidməti, Dövlət Gömrük Komitəsi və s. qurumlar daxil edilə bilər. “Bir sıra ölkələrin təcrübəsində dövlət gəlirləri vahid qurum tərəfindən idarə olunur və görünür, Azərbaycan hökuməti də bu təcrübədən istifadə etmək qərarına gəlib”,- mənbə bildirib.
Xatırladaq ki, Prezident İlham Əliyev televiziya kanallarına müsahibəsində son bir neçə il ərzində dövlət şirkətlərində yeni idarəetmə modelinin tətbiq olunmağa başlandığını deyib. “İdarə heyətləri yaradıldı, idarə heyətlərinin rəhbərləri vəzifəsinə dövlət məmurları təyin edildi və beləliklə, dövlət şirkətlərindəki problemlər tam açılmışdır. Uzun illər dövlət şirkətləri, əfsuslar olsun ki, təkcə təbii inhisarçı deyil, eyni zamanda, zərərlə işləyən şirkətlər idi. Bunun bir çox səbəbləri var”, - dövlət başçısı Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZKON) yaradılmasının səbəbləri, bu təsisatdan gözləntilərlə bağlı sualı cavablandırarkən deyib.
Prezident vurğulayıb ki, AZKON-nun yaradılmasında məqsəd nəqliyyat sektorunu vahid çətir altında bir platforma kimi yaratmaqdır: “Çünki baxmayaraq ki, idarəetmədə dediyim müsbət dəyişikliklər baş verdi, ancaq nəqliyyat qurumları arasındakı koordinasiya zəif idi və nəzərə alsaq ki, bundan sonrakı illərdə bizim həm əsas gəlir mənbəyimiz, həm siyasi çəkimizi gücləndirən amillərdən biri nəqliyyat və bağlantılar olacaq, əlbəttə ki, burada biz tam şəffaf və koordinasiya şəklində işlək mexanizm yaratmalı idik. Bir çox misallar var, məsələn, yükdaşımaları ilə bağlı - Xəzər Gəmiçiliyi üçün bir yükün daşınması daha sərfəlidir, dəmir yolu üçün başqa yükün daşınması. Liman burada nə dərəcədə vasitəçi mexanizm rolunu oynayır? Ona görə məqsəd dövlətin marağına əsasən, hansı yükün daşınması, necə daşınması sərf edirsə, ona da üstünlük verilməlidir”.Ehtimal etmək olar ki, idarəetmə sahəsində islahatların davamı kimi dövlət büdcəsinin əsas gəlirlərini təmin edən və prosesə nəzarət edən Maliyyə Nazirliyini vahid çətir altında birləşdirmək qərara alınıb. Bu barədə daha əvvəl müstəqil ekspertlər hökumətə dəfələrlə təkliflər veriblər. Xüsusi ilə Dövlət Gömrük Komitəsi və Dövlət Vergi Xidmətinin birləşdirilməsinin şəffaflığın, idarəetmənin mərkəzləşməsi, səmərəliliyi baxımından əhəmiyyətli addım olacağı qeyd olunurdu. Burada adıçəkilən qurumların tam şəkildə ləğvindən söhbət getmir, onların vahid platforma və idarəçilik sistemində birləşdirilməsi və fəaliyyətinə dövlət nəzarətinin təmin olunması ehtiyacı vurğulanır.
Hökumətin idarəetmə sahəsinə yeni baxışı post-neft dövrünün çağırışları ilə bağlıdır. Neft hasilatının azalması, geosiyasi proseslərin dünya enerji bazarına mənfi təsiri və riskləri artırması Azərbaycan hökumətini önləyici addımlar atmağa vadar edir. İlk növbədə dövlət gəlirləri sektorunda şəffaflığın artırılması, bu sahədə zaman-zaman üzə çıxan ciddi problemlərin aradan qaldırılması vacibdir. Daha sonra qabaqcıl ölkələrin istifadə etdiyi yeni modellərin tətbiqi, mərhələli islahatlar büdcə gəlirlərinin korrupsiyadan xilas edilməsinə və artırılmasına gətirib çıxara bilər.