Bakıda qonşu qadınlar arasında DAVA

KRİMİNAL 06 yanvar 2025, 13:10
Bakının Xəzər rayonunda 1991-ci il təvəllüdlü Bahar şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qonşusu Sevdaya (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Xəzər rayonu, Zirə qəsəbəsi, “Dübəndi” stansiyasında baş verib. Bahar Sevdaya yaşadığı nömrəsiz fərdi evin həyətində evdə xəstə uşağı olduğunu deyərək azyaşlı uşaqlarının səs-küy salıb, onların dincliyini pozmalarını ona irad tutması səbəbindən aralarında yaranmış mübahisə zamanı qarşılıqlı nalayiq ifadələr işlədiblər. 

Bahar şəxsi münasibətlərinin pozulması zəminində Sevdanı qəsdən qisas almaq məqsədilə ordan yerdən əldə etdiyi belin taxta materialdan olan sapı ilə qəflətən ani olaraq baş nahiyyəsindən vurmaq istərkən başına tutduğu sağ əlinə zərbə vurub. 

Hadisəni törədən Baharın barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Bahar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Zirə qəsəbəsi, “Dübəndi” stansiyasında fərdi evdə yaşayır:

“Zərərçəkmiş Sevda mənim qonşumdur. Əvvəllər münasibətlərimiz yaxşı olub. Hadisə günü evdə olarkən işdən gecə növbəsindən gəldiyim üçün yorğun olmuşam və yatmışam. Bu zaman qonşumuz Sevda məni çölə çağırdı. Çölə çıxdıqda Sevda mənə uşaqlarımın səs-küy saldığını irad tutdu. Bu zaman aramızda mübahisə yarandı. Mübahisə zamanı Sevdanın qolundan vurdum. Sonradan Sevda məndən polisə şikayət etdiyini bildim”.

İş üzrə zərərçəkmiş Sevdanın sözlərinə görə, evində olan zaman Baharın uşaqlarının ucadan səs-küy salmalarına görə sonuncunun həyətinə gedərək iradını bildirib: “Sonradan eşitdim ki, Bahar mənim və ailəmin barəsində nalayiq ifadələr işlədib. Bu səbəbdən Baharla aramızda mübahisə yarandı. Bu zaman Bahar yerdə olan belin taxtadan olan sapı ilə məni vurmaq istədi. Bu zaman özümü qorumaq üçün sağ əlimi yuxarı qaldırdım. Zərbə mənim sağ əlimə dəydi. Ağrıdan qışqırdım. Bahar isə evinə getdi. Hadisə yerinə digər qonşular gələrək məni xəstəxanaya apardılar. Sonradan sağ qolumun qırıldığını bildim və polisə şikayət etdim”.

Bu cinayət işinə Xəzər Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb, zərərçəkmiş şəxs ona dəymiş ziyanı tam ödədiyini bildirib. Buna görə də onlar barışıblar. 

Hakim hökm elan edən zaman onların barışmasını nəzərə alıb. Bu səbəbdən Baharın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top