Gənc oğlan pul borcu üstündə uşaqlıq dostunun qanını tökdü — TƏFƏRRÜAT

KRİMİNAL 07 yanvar 2025, 18:28
Gəncə şəhərində 1996-cı il təvəllüdlü İslam şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı Rəsula xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 10 oktyabr 2022-ci ildə, saat 24 radələrində Gəncə şəhəri, Sovxoz Nizami adlanan ərazidə Ü.Hacıbəyov küçəsində yerləşən “Taxtalı” çay evindəki otaqlarından birində baş verib. 

İslam orada yüngül dərəcəli sərxoşluq vəziyyətində əvvəllər verdiyi 50 manat borc pulun geri qaytarılması ilə tanışı Rəsul ilə aralarında yaranmış şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sonuncunun onun ünvanına nalayiq ifadələr işlətməsi və ona yumruq zərbəsi yetirmək istəməsinə görə əsəbiləşib, qisas almaq məqsədilə üzərində olan bıçaqla bir dəfə vurub. 

Hadisəni törədən İslamın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İslam ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Rəsula bir müddət əvvəl borc versə də, hər dəfə borcu qaytarmaqdan yayınıb: “Gəncə şəhərində toy məclisində iştirak etdim. Toydan sonra saat 22 radələrində Gəncə şəhəri, Sovxoz Nizami adlanan ərazidəki “Taxtalı” adlanan çay evinə getdik. Rəsulun da orada olduğunu gördüm. Kabinetlərdən birinə keçərək əyləşdik. Rəsula verdiyim 50  manat borc pulumu geri istəsəm də sonuncu bundan imtina etdi. Yaranmış mübahisə zamanı onunla söyüşlə danışdım. Bundan sonra Rəsul mənə yumruq atdı. Çəkildiyim üçün zərbə mənə dəymədi. Rəsul da məndən bədəncə iri, qüvvətli olduğu üçün mənə hansısa xəsarət yetirəcəyindən ehtiyat edərək üzərimdə olan cib bıçağı ilə bir dəfə onun ayağına zərbə vurdum. Bundan sonra Rəsuldan qan axdığını gördüm, ona köməklik edərək tanımadığım yoldan keçən taksi ilə xəstəxanaya apardım”.

Təqsirləndirilən şəxs qeyd edib ki, xəsarət yetirdiyi bıçağı necə olmasını xatırlamır: “Bir neçə dəfə Rəsuldan aldığım pulu geri istəsəm də, müxtəlif bəhanələr gətirərək pulu verməkdən imtina etdi. Son dəfə onu çay evində görərək verdiyim pulu geri istədim. Rəsul mənimlə kobud danışdı və söyüş söydü. Rəsulu mənə yumruq atdığı üçün vurmuşam. Qardaşım 2024-cü ilin mart ayında avtoqəza nəticəsində vəfat etdiyi üçün uzun müddət psixoloji vəziyyətim yaxşı olmayıb. Buna görə də məhkəmə iclaslarına gələ bilməmişəm. Törətdiyim əməldən səmimi peşmanam, barışsam da, onun üzünə baxa bilmirəm. Zərərçəkmiş şəxslə barışıq əldə etmişəm, ziyanı ödəmişəm”. 

İş üzrə zərərçəkmiş qismində ifadə verən Rəsulun sözlərinə görə, İslamla uşaqlıq dostu və qonşu olub: “Savxoz Nizami adlanan yerdə “Taxtalı” çay evində olarkən İslam həmin çay evinə gəldi və zarafat etməyə başladı. Həm də əvvəl verdiyi borcunu geri istədi. Həmin vaxt İslam içkili olub, borcu qaytarmadığım üçün məni təhqir etməyə, nalayiq ifadələr işlətməyə başladı. İslamın sərxoş olduğunu görərək onu ayıltmaq və özünə gəlməsi üçün şillə, yumruqla vurmaq istədim. Lakin İslam zərbədən yayındı və mənə qəfil bıçaq zərbəsi vurdu. Həmin bıçaq zərbəsi mənim ayağıma dəydi. Hadisə gecə olduğu üçün çay evi boş olub. Kabinetdə özümüzdən başqa kimsə olmayıb”.

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə İslamın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 2 il sınaq müddəti olmaqla 3 il şərti cəza verilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
08 yanvar 2025, 17:42
Top