Karlsen cins şalvara görə Dünya Çempionatından qovuldu

İDMAN 28 dekabr 2024, 17:50
Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsen geyim qaydalarını pozduğuna görə, Rapid üzrə Dünya Çempionatından kənarlaşdırılıb.

Demokrat.az  xəbər verir ki, bu barədə Beynəlxalq Şahmat Federasiyasının (FİDE) mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Karlsenin yarışdan uzaqlaşdırılmasına səbəb geyindiyi cins şalvar olub.

Belə ki, FİDE Dünya Rapid və Blits Çempionatları üçün xüsusi qaydalar, o cümlədən geyim qaydaları tətbiq edib. Karlsen isə cins şalvar geyinərək, yarışın geyim qaydalarını pozub. Yarışın baş arbitri qaydaları pozduğunu bildirərək, ondan paltarını dəyişməsini tələb edib. Ancaq məşhur şahmatçı bundan imtina edib. Nəticədə isə o, yarışdan uzaqlaşdırılıb. 

Diskvalifikasiyadan sonra şahmatçı qarşıdan gələn Blits üzrə Dünya Çempionatında iştirak etməyəcəyini açıqlayıb.

Digər tərəfdən, Karlsen Beynəlxalq Şahmat Federasiyası (FIDE) ilə iş görməyəcəyini və onun turnirlərində iştirak etməyəcəyini bildirib. Bu barədə o, “Gotham Chess” portalına müsahibəsində deyib.

Qeyd edək ki, Rapid üzrə turnirdə 8 oyundan sonra Karlsen 5 xal toplayaraq 41-ci yerdə qərarlaşıb.

Xatırladaq ki, Karlsenin 34 yaşı var, o, klassik şahmat üzrə 16-cı dünya çempionu və dünya reytinqinin lideridir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top