Arkadi Dubnov: Təyyarə qəzasının Rusiyanın HHM sisteminin işi nəticəsində baş verməsinə şübhə yoxdur

GÜNDƏM 27 dekabr 2024, 19:49
“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinə məxsus təyyarənin Rusiyanın Hava Hücumundan Müdafiə (HHM) sistemlərinin müdaxiləsi nəticəsində qəzaya uğramasına heç bir şübhə qalmır.

“Report” “Tengrinews”ə istinadən xəbər verir ki, bunu politoloq, Mərkəzi Asiya üzrə ekspert Arkadi Dubnov bildirib.

O bildirib ki, bu səbəbdən Bakı Moskvanın hadisəyə görə məsuliyyəti öz üzərinə götürəcəyini və kompensasiya ödəyəcəyini gözləyir.

"Dəhşətli qəzanın başvermə səbəbinin Rusiyanın HHM sistemlərinin işi olduğuna heç bir şübhə yoxdur. Hədəfləmə zamanı identifikasiya səhvinin olub-olmadığı və “Pantsir-S1” raketinin təyyarəni Ukrayna PUA-sı hesab edərək vurması, yaxud PUA-nı məhv edən raketin qəlpələrinin təyyarəyə dəydiyi aydın deyil. Rusiyanın aviasiya hakimiyyəti və Çeçenistandakı regional hakimiyyət bundan xəbərdar idimi? Bunu yalnız artıq tapılmış "qara qutular”ın məlumatlarının hərtərəfli öyrənilməsindən sonra demək olar", - A.Dubnov deyib.

Onun sözlərinə görə, quşların mühərrikə girməsi ilə bağlı hadisənin ilkin versiyası əsassızdır, çünki onu təkzib edən faktlar mövcuddur.

"Faciədən sonrakı ilk saatlarda "Rosaviasiya" dispetçerlərlə pilotlar arasındakı danışıqlara istinad edərək təyyarənin quş sürüsü ilə toqquşduğunu bildirirdi. Çox güman ki, uçuş zamanı pilotlara həqiqətən də belə görünüb... Lakin təyyarənin gövdə və qanadlarındakı aşkar edilən çoxsaylı deşiklər "quş" versiyasını qəti şəkildə təkzib edir və xarici təsirin olduğunu göstərir", - o deyib.

Politoloq qeyd edib ki “Caliber.az” Azərbaycan internet portalında və “Euronews” agentliyində Azərbaycan hökumətindəki mənbələrə istinadən AZAL təyyarəsinin qəzaya uğramasının səbəbi kimi Rusiyanın HHM sisteminin işinə işarə edən məlumatların dərc edilməsi rəsmi Bakının aviaqəzanın həqiqi səbəblərinin açıqlanmasına nail olacağını ciddi şəkildə sübut edir.

"Bundan əlavə, rəsmi Bakı Moskvanın baş verənlərə görə məsuliyyəti öz üzərinə götürəcəyini və müvafiq kompensasiya ödəyəcəyini gözləyir", - A.Dubnov hesab edir.

Ekspert vurğulayıb ki, rəsmi Bakının hadisə ilə bağlı mövqeyi ölçülüb-biçilmiş və diplomatik, olduqca prinsipial görünür: "Ölkənin ləyaqəti və vətəndaşlarının həyatı pərdəarxası razılaşmaların mövzusu ola bilməz".

A.Dubnov hesab edir ki, bütün bunlar Bakı və Moskva arasında münasibətlər əhəmiyyətli dəyişikliklərə məruz qalmayacağını göstərir: "Çünki Azərbaycan və Rusiyanı ümumi geosiyasi maraqlar birləşdirir".

Ekspert, həmçinin xatırladıb ki, Rusiya və Azərbaycanın tarixində artıq belə bir hadisə baş verib - 2020-ci ildə Azərbaycan səhvən Ermənistanla sərhəddə Rusiyanın hərbi helikopterini vurub və nəticədə iki Rusiya pilotu həlak olub. O zaman Azərbaycan XİN üzr istəyib, araşdırma aparacağına və günahkarların cəzalandırılacağına söz verib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top