Markov: “Rusiya Zelenski ilə sülh müqaviləsi imzalamayacaq”

DÜNYA 27 dekabr 2024, 13:40
“Vladimir Putinin Ukrayna prezidentinin legitimliyi ilə bağlı fikirləri belədir: Ukraynanın Konstitusiyasına əsasən, hərbi vəziyyət zamanı Ali Radanın (Parlamentin) səlahiyyətlərinə müdaxilə edilə bilər, lakin prezidentin səlahiyyətləri heç bir halda məhdudlaşdırıla bilməz. Əgər prezidentin səlahiyyət müddəti başa çatırsa, bu səlahiyyətlər Ali Radanın spikerinə keçir. Ukrayna Konstitusiyasında bu cür yazılıb”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov deyib.

“Rusiya Zelenski ilə danışıqlar aparmayacaq”

Ukraynada mümkün prezident seçkilərini şərh edən analitik, Zelenskinin hərbi vəziyyət səbəbi ilə hakimiyyətdə qalacağı təqdirdə Kremlin onunla hansısa danışıqlara getməyəcəyini deyib:

“Bu səbəbdən Zelenski legitim prezident sayıla bilməz. Ukrayna dövlətini legitim təmsil edən şəxs Ali Radanın spikeridir. Buna görə də, Rusiya hər hansı sənədi imzalayacaqsa, bunu yalnız legitim təmsilçi ilə – Ali Radanın spikeri ilə imzalaya bilər. Sülh müqaviləsi isə Zelenski ilə imzalanmaz.

Məsələ təkcə onun qeyri-legitim prezident olmasında deyil. Əgər legitim olmayan şəxs Ukrayna adından sülh müqaviləsini imzalayarsa, Ukrayna bu müqavilədən asanlıqla imtina edə bilər. Yarım ildən sonra Ukrayna həmin müqavilənin qeyri-legitim olduğunu elan edə bilər. Ali Rada sadəcə səsvermə yolu ilə bu müqaviləni qeyri-legitim elan edə bilər, çünki müqavilə səlahiyyət müddəti bitmiş prezident tərəfindən imzalanıb”, - deyə S.Markov bildirib.

“Qərbin istəyi vəziyyəti daha da gərginləşdirməkdir”

“Qərb ölkələri Zelenskini prezident kimi qəbul edirlər və onun legitim olduğunu bəyan edirlər. Bu sadəcə razılaşdırılmış bir mövqedir. Onlar belə qərara gəliblər ki, hazırkı şəraitdə Ukraynada prezident seçkiləri keçirə bilmədikləri üçün Zelenskini prezident kimi qəbul etsinlər. Bəlkə də, bu şəraitdə legitim prezident seçkiləri keçirmək çətindir, lakin bu, Rusiyanın məsələsi deyil. Rusiya isə Zelenskinin legitim olmadığını vurğulamalıdır. Konstitusiyada hər şey aydın şəkildə göstərilib: indiki halda dövlətin başçısı Ali Radanın spikeridir”.

Markov əlavə edib ki, Zelenski ilə danışıqlar davam etdirilə bilər:

“Rusiya Zelenski ilə birbaşa danışıqlar apara bilər, amma yalnız hüquqi sənədlər leqal dövlət başçısı ilə – Ali Radanın spikeri ilə imzalanmalıdır. Putin də deyib ki, bu onların daxili məsələsidir. Bəlkə Stefançuk tamamilə Zelenskinin nəzarətində olacaq və onun dediklərini edəcək. Amma bu, onların daxili işidir. Putin açıq şəkildə bildirib ki, legitim sənədlər yalnız leqal dövlət başçısı ilə imzalanmalıdır. Əgər Ukraynanın Konstitusiya Məhkəməsi Zelenskinin legitimliyini təsdiqləyən qərar versə belə, bu vəziyyət gələcək sülh müqaviləsinə mina qoyur – çünki Ukrayna tərəfinin imzası legitimlikdən məhrum ola bilər”, - deyə S.Markov əlavə edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top