"Matəm günü ümumxalq dəstəyinə çevriləcək..." — AÇIQLAMA

GÜNDƏM 27 dekabr 2024, 12:27
25 dekabr tarixində baş vermiş təyyarə qəzası bütün Azərbaycanı sarsıtdı. Eyni gündə başqa reyslərlə uçuşu olan vətəndaşlar sosial şəbələrdə hisslərini müxtəlif cür ifadə etdilər. Bədbəxt hadisələrdən heç birimiz sığortalanmamışıq. Təəssüf ki, müalicə üçün Bakıya gətirilməli olan yaralılardan bəziləri təyyarəyə minmək istəmədiklərini qeyd etdilər. Psixoloji travma, keçirdikləri böyük sarsıntı, qorxu hissi onları dərindən yaralayıb. 

Klinik psixoloq Gülşən Rüstəmova Demokrat.az-açıqlamasında deyib ki, sarsıldığımız hadisələr, məyus olduğumuz hallar bizdə travma yaradır: 



“Düşünürəm ki, buna qarşı uşaqlıqdan bizdə immunitet formalaşır. Çünki gözlənilməz hadisələr həyatımızda demək olar ki, hər gün baş verir. Bəzi insanların temperamentindən, yaşadığı yerdən, xarakterindən asılı olaraq psixoloji immuniteti zəif olur və bir çox hadisələri daha ağır qarşılayır, bu, daha çox yara açır onların zehnində. Bədbəxt hadisə nəticəsində ilkin dövrlərdə daha çox sarsılmış oluruq. Zaman keçdikcə, dərdlərimizi danışdıqda, çarə axtarışına çıxdıqca zehnimiz bizdə müdafiə mexanizmləri formalaşdırır. İnsan möhtəşəm varlıqdır, onun təbiətində psixoloji olaraq özünü tənzimləmə funksiyası var. Mütəxəssis köməyi insanların getdiyi yolu daha qısa edir, onlara müraciət etmək olar belə anlarda. Sarsıntı keçirmiş insanların yaxınlarının vəzifəsi onları anlamaq, dinləmək, onlarla ünsiyyət olmaq, anlamasalar belə anlayırmış kimi göstərmək, emosiyalarına zidd sözlər deməmək ola bilər. İnsan emosional varlıq olduğu üçün özünü ifadə etmək istəyir. Yaxınlarımız bizə dəstək olarsa, istənilən çətinliyin öhdəsindən gələ bilərik. Dəstək burada vəziyyəti bəsitləşdirmək deyil, anladığını ifadə etmək olmalıdır. Qlobal məsələlərdə ictimai rəy düşünürəm ki, çox vacibdir. Fikrimcə, 26 dekabr tarixinin matəm günü elan olunması təyyarə qəzasında yaralanmış şəxslərə, vəfat edənlərin yaxınlarına ümumxalq dəstəyinə çevriləcək”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top