Türkiyə dərin dövlətinin Suriya planı: Uzun illər hazırlıq görülüb

REGİON 24 dekabr 2024, 09:19
Suriyadakı proseslər göstərir ki, Ankara bu ölkə ilə bağlı siyasətinə bir neçə il öncədən başlayıb. Hazırda orada vəzifəyə gətirilən kadrların Türkiyə məzunları olduğu bildirilib. Suriya nümunəsində göründüyü kimi, xaricdə təhsil bəzən böyük siyasətdə uğurlu vasitə olur.

Sözügedən prosesi, qurulan siyasəti necə dəyərləndirə bilərik?

Globalinfo.az-a danışan siyasi şərhçi Əli Mustafayev deyib ki, Türkiyə və Suriyanın özəl münasibəti var:

“Həmin ölkələrin ortaq sərhədlərinin uzunluğu 910 km.dır. Bu coğrafiya ümumiyyətlə minillər boyu bitişik olub. Birinci Dünya müharibəsindən sonra bu ərazilərdə başqa ölkələr yaranmağa başladı. Qolon təpələri bəzən kürd tayfalarının məskəni kimi qeyd olunur. Bu coğrafiyada dini, etnik baxımdan bir ayrı-seçkilik olmayıb. Suriya ilə Anadolu yan-yanadır. Ona görə də etnik mədəniyyət, tarixi kökənlik var. Həddindən çox oxşar və ümumi dəyərləri mövcuddur. Bu gün Suriya ilə Türkiyənin yaxınlığı təbiidir.

Birinci Dünya müharibəsindən sonra bu coğrafiyanı avropalılar işğal etdilər. Bir müddət sonra ruslar burada müəyyən işlər apardılar. Suriyanı fransızlardan aldılar. Bura Rusiyanın işğal zonası hesab olunurdu. Təxminən 53 il Əsəd ailəsi idarəçiliyi əlinə almışdı. Bütün bunlara rəğmən Türkiyə və Suriya arasında müəyyən əlaqələr olub. Milli, etnik, dini bağlılıq bu qədər güclü olub”.
 



Əli Mustafayev

Siyasi şərhçinin sözlərinə görə, hazırda fərqli gerçəklik var:

“Sanki hər şey öz təbii vəziyyətinə qayıdıb. Ölkədə baş verən proseslər fonunda suriyalılar ərazini tərk edib Türkiyəyə köçməyə başaldılar. Belə bir situasiya yarandı ki, Türkiyə suriyalılara sahib çıxdı. Rəsmi Ankara yerli xalqla heç bir fərq qoymadan onların məskunlaşmasına, oxumasına, işləməsinə və s. imkan yaratdı. Son 10 ildə Suriya xalqı üçün etdiyi işlər öz bəhrəsini verir. Rəsmi Ankara hətta Suriya ərazisində belə xalqı, xüsusən də müxalifəti qorudu. Formalaşan yeni nəsil Türkiyədən gördüyü ədaləti, təhsili indiki Suriya ərazisinə daşıdı. Ona görə də həmin gənclik Suriyada Türkiyədəki kimi demokratik dövlət qurmağa hazırdırlar”.

***
Globalinfo.az xatırladır ki, Suriyanın yeni hökumətində xarici işlər naziri təyin olunanan Əsəd Həsən Əl-Şeybani Türkiyədə təhsil alıb. Eyni zamanda Suriya Milli Ordusunun “Cəbhə Şamiyə” bölməsinin komandiri Əzzam Qarip Hələb şəhərinin valisi olub. Onun da Türkiyə məzunu olduğu deyilir.

Hazırda Suriyanın faktiki rəhbəri, yeni administrasiyasının rəhbəri Əhməd Şara (Əbu Məhəmməd Colani – red.) də Türkiyəyə kifayət qədər yaxındır. O, demək olar, bütün mənalarda Türkiyədən məzundur…

Görünən odur ki, Ankara neçə illərdir Suriya ilə bağlı böyük planları stimullaşdırıb. Ərdoğan iqtidarı yalnız qaçqınlara qucaq açmayıb, suriyalıların rəğbətini, sevgisini qazanıb, onlarla ciddi iş aparılıb. Bu elə bir sürəc olub ki, hər xırda detal üzərində işlənib. İki ölkə arasında tarixi yaxınlıqdan, coğrafi qonşuluqdan, ortaq sərhədlərdən başqa, siyasi-ideoloji yaxınlaşma da göz önündədir. Nəzərə alınmalı amillərdən biri də budur ki, hazırda Suriyada yüzminlərlə, milyonlarla insan türk dilində danışır. Əvvəllər də bu faktor olub – Türkiyəyə sərhəd bölgələrin insanların türkcəni biliblər. Son 10 ildə bu faiz həddən artıq çoxalıb və türkcə suriyalıların ikinci ana dilinə çevrilib.

Türkiyə dövləti yüz illərə dayanan ənənəsi üzrə ölkələrə yalnız silahla, orduya girmir. Təhsillə, mədəniyyətlə, ticarətlə və sair amillərlə daxil olur. Türk ədaləti, türk mədəniyyəti, türk təhsil sistemi Yaxın Şərqdə bir örnək, nümunə halını alıb. Bu, Osmanlıdan üzü bəri belədir. Ona görə də hazırda Suriyada Türkiyə dövlətinin güclü mövqeləri var. Suriyalılar Ərdoğanı az qalsın özlərinin milli lideri statusunda görürlər. Türkiyəni nicat, gələcəyə ümid hesab edirlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top