Küçədə həmkəndlisini bıçaqladı

KRİMİNAL 20 dekabr 2024, 18:54
Ağdaş rayonunda 2005-ci il təvəllüdlü Nazim şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı Əliyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 9 may 2023-cü ildə Ağdaş şəhəri, M.Əsədov küçəsində baş verib. Nazim Əlinin ona və yanındakı şəxslərə davranışları ilə bağlı irad bildirməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı onun uzunqol gödəkçə ilə onun sifətinə vurmasından sonra üzərində gəzdirdiyi dəstəyi bıçaqla qarın nahiyəsinin sağ tərəfinə 1 zərbə vurub.

Hadisəni törədən Nazimin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nazim ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Ağdaş şəhər sakini Əlini əvvəllər tanımayıb, aralarında hər hansı ədavət və ya düşmənçilik olmayıb: “9 may 2023-cü ildə saat 19 radələrində əvvəlcədən tanıdığım Sahil, Səbinə və Könül ilə birlikdə Ağdaş şəhəri, M.Əsədov küçəsində piyada hərəkət edən zaman Səbinə ilə söhbət zamanı Sahil onun qulağına söz dedi. Bu zaman adını sonradan bildiyim Əli qeyd olunan hərəkətləri əxlaqsız hesab edərək yanımıza gəldi, iradlarını bildirdi və nalayiq ifadələr işlətdi. Mən Sahilin Səbinə ilə münasibətdə əxlaqsız hərəkət etmədiyini, Səbinənin qulağına söz dediyini Əliyə bildirdim. Ondan mədəni danışmasını tələb etdim”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, bu vaxt Əli əlində olan uzunqol gödəkçə ilə onun sifətinə 1 zərbə vurub, lakin zərbənin təsirindən o, xəsarət almayıb və ağrı hiss etməyib: “Bundan sonra həmin tarixdə Ağdaş şəhərində yerləşən H.Əliyev parkında olan zaman yerdən taparaq əynimdə olan cins şalvarın sağ yan cibində saxladığım açılıb-bağlanan bıçağı çıxararaq açdım və Əlinin qarın nahiyəsinin sağ yan tərəfinə qəsdən 1 zərbə vurdum. Həmin vaxt orada başqa heç kəs olmayıb. Bundan sonra Əli və qızlar həmin yeri tərk etdilər. Bir müddət sonra Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları yaşadığım fərdi yaşayış evinə gəldi və Əlini bıçaqla zərbə vurmaqda şübhəli olduğumu bildirdilər. Məni polis şöbəsinə apardılar. Mən  qeyd olunan bıçağı polis əməkdaşlarına  təqdim etdim. Törətdiyim əmələ görə peşmanam”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Əlinin sözlərinə görə, təqsirləndirilən Nazimi və Səbinəni Ağdaş rayon sakinləri kimi tanıyıb, aralarında ədavət və ya düşmənçilik olmayıb: “Mayın 9-da, saat 19 radələrində yaşadığım Ağdaş şəhəri, M.Əsədov küçəsində olan zaman Nazim ilə Səbinənin daha 2 nəfər qadın cinsli şəxslərlə gəldiklərini, Sahilin qadın cinsli şəxslərdən birinə qarşı əxlaqsız hərəkətlər etdiyini gördüm. Qeyd olunan səbəbdən bununla bağlı irad tutdum. Bu zəmində aramızda sözlü mübahisə yarandı. Həmin vaxt Nazim və Sahil ünvanıma nalayiq ifadələr işlətdilər. Daha sonra isə mübahisənin gedişində əlimdə olan gödəkçə ilə onun sifətinə bir zərbə vurdum və həmin şəxslərin ünvanına nalayiq sözlər dedim. Bundan sonra Nazim əynində olan cins şalvarın sağ yan cibindən açılıb-bağlanan bıçağı çıxararaq açdı və qarın nahiyəmin sağ yan tərəfinə 1 zərbə vurdu. Həmin vaxt orada başqa heç kəs olmayıb. Bundan sonra Nazim, Sahil və yanlarında olan qadın cinsli şəxslər həmin yeri tərk etdilər. Mən isə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına müraciət etdim”. 

Bu cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Nazim 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top