Demarkasiya komissiyasının iclasında hansı məsələlər danışılacaq? — Politoloq AÇIQLADI

SOSİAL 18 dekabr 2024, 17:30
“Delimitasiya və demarkasiya komissiyasının əsasnaməsi təsdiq olundu, həm Azərbaycan, həm Ermənistan tərəfindən. İndi qarşıda duran əsas məsələ növbəti mərhələnin hansı istiqamətdə həyata keçirilməsi ilə bağlıdır. Azərbaycanla Ermənistan arasında sərhədlərin demarkasiyasının bundan sonra hansı əsaslarla aparılması ilə bağlı fikir ayrılıqları var”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Rəşad Bayramov deyib. 

O bildirib ki, Ermənistan tərəfi yenə də prosesin 75-76-cı illərin xəritələrinə əsasən aparılmasında təkid edir:

“Lakin o xəritələrdə sərhədlərin dəqiq qeydi aparılmayıb və sərhədin bütün istiqamətlərini əhatə etmir. Buna görə də Azərbaycan tərəfi ayrı-ayrı dövrlərin xəritələrindən istifadə etməklə prosesin aparılmasını təklif edir. Azərbaycan tərəfinin mövqeyi kifayət qədər haqlıdır. Çünki hansı xəritələrdə sərhəd daha dəqiq göstərilibsə, delimitasiya və demarkasiya zamanı da ondan istifadə edilməsi daha düzgün olar”. 

Ekspertin sözlərinə görə, ikinci bir məsələ odur ki, hələ də anklavda olan 4 kəndimizin qaytarılmasıdır: 

“Burada da müzakirəyə ehtiyac var. Qazax istiqamətindəmi, yoxsa Naxçıvanın Kərki kəndi istiqamətindəmi bu iş aparılsın – bununla bağlı da ortaq mövqeyə gəlmək lazımdır. Düşünürəm ki, hal-hazırda komissiyasının qarşısında bu iki mühüm məsələ dayanır. Yəqin ki, gələn iclasda bu məsələlər danışılacaq. 

Növbəti görüşün nəticəsinin nə olacağını demək çətindir. Çünki Ermənistan tərəfinin ixtiyarı öz əlində deyil, kimlərləsə məsləhətləşməlidir. Yəni, görüşün nəticə verməsi üçün Ermənistanın öz havadarlarından razılıq alması lazımdır”.

Qeyd edək ki, Yaxın vaxtlarda Ermənistan və Azərbaycan arasında sərhədlərin demarkasiyası üzrə komissiyaların iclası keçiriləcək. Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryan bu barədə mediaya məlumat verib. 


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top