Ruslan Quliyevin kitabının təqdimatı olub — FOTOLAR

GÜNDƏM 14 dekabr 2024, 20:00
Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyevin müəllifi olduğu "Azərbaycan Respublikasının sağlamlıq-müalicə turizm müəssisələrinin idarə edilməsi məsələləri: reallıqlar və perspektivlər" kitabının təqdimatı keçirilib.

AFN.az xəbər verir ki, millət vəkillərinin, turizm sektoru nümayəndələrinin də iştirak etdiyi tədbiri giriş sözü ilə açan "Smart" hotellər qrupunun rəhbəri Ceyhun Aşurov bildirib ki, Azərbaycanda geniş perspektivə malik olan müalicə turizmi sahəsində dərs vəsaitlərinə böyük ehtiyac var və bu kitab mövcud boşluğu doldurmağa kömək edəcək.

Kitabın müəllifi Ruslan Quliyev bildirib ki, "Azərbaycan Respublikasının sağlamlıq-müalicə turizm müəssisələrinin idarə edilməsi məsələləri: reallıqlar və perspektivlər" kitabı onun üçün həm də bu sahədəki fəaliyyətinin bir hesabatıdır. Onun sözlərinə görə, sağlamlıq turizmi hər kəsin marağında olan sahədir, çünki hər kəsin müalicəyə ehtiyacı var və bu müalicə təbii yolla aparıldıqda daha effektli olur. Müəllif sağlamlıq turizmi sahəsində araşdırmalarını davam etdirəcəyini, bu sahədə fəaliyyətini daha da genişləndirəcəyini bildirib.

Dövlət Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının "Kurort" Səhmdar Cəmiyyətinin sədri Ağası Əbilov, Neft-kimya Prosesləri İnstitutunun direktoru Vaqif Abbasov, Milli Məclisin üzvləri İlham Məmmədov, Göydəniz Qəhrəmanov, Müşviq Məmmədli çıxış edərək kitabın turizm ixtisası üzrə təhsil alan tələbələr üçün qiymətli vəsait olduğunu, ölkəmizdə müalicə-sağlamlıq turizmi geniş perspektivlərə malik olduğundan bu istiqamətdə savadlı, dolğun məlumatları əks etdirən kitabların çox olmasının əhəmiyyətini qeyd ediblər.

Qeyd edək ki, kitab Azərbaycan Turizm və Menecment Universitetinin Elmi Şurası tərəfindən dərs vəsaiti kimi çapa tövsiyə olunub.

Dərslikdə sağlamlıq-müalicə turizminin nəzəri-metodoloji məsələləri, Azərbaycanda sağlamlıq-müalicə turizm müəssisələrinin fəaliyyətinin qiymətləndirilməsi və səmərəli təşkili məsələləri işıqlandırılıb.

Eyni zamanda ölkəmizin regionlarında sağlamlıq-müalicə turizmi müəssisələrinin təşkilati idarəetmə strukturlarının xarakterik xüsusiyyətləri, optimal idarəetmə mexanizmlərinin formalaşdırılmasının ilkin şərtləri müəyyən edilib, aparılan sorğular nəticəsində bu sahədə mövcud olan problemlərin həlli istiqamətində innovativ xidmətlərin tətbiqi istiqamətləri şərh olunub.

Kitabda müəllifin gəldiyi nəticələr və verdiyi təkliflər təcrübi əhəmiyyətlidir. Kitab müalicə-sağlamlıq turizmi müəssisələrinin idarəedilməsi mexanizminin təkmilləşdirilməsində, bu sahədə aparılan elmi-tədqiqat işlərində və müxtəlif səviyyəli inkişaf proqramlarının, turizm sahəsində normativ-hüquqi sənədlərin tərtib edilməsində, turizm ixtisası üzrə fənlərin tədrisində və s. istifadə edilə bilər.
























 













 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top