Siyəzəndə ana söyüşü üstündə qanlı cinayət — TƏFƏRRÜAT

KRİMİNAL 02 dekabr 2024, 21:30
Siyəzən rayonunda 1986-cı il təvəllüdlü Seymur şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Orxana xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 13 dekabr 2023-cü ildə, saat 21 radələrində Siyəzən şəhəri, Heydər Əliyev prospektində yerləşən “Final market” adlı mağazanın içərisində baş verib. 

Seymur həmin mağazada satıcı işləyən dostu Mütəllim ilə vulqar formada qarşılıqlı olaraq zarafat edən zaman oraya gələn sonuncunun xalası oğlu Orxan onların aralarındakı zarafata qarışaraq ona öz iradını bildirib. Orxan xalası oğlu ilə zarafat etməməsini tələb edib. Seymur ilə aralarında mübahisə yaranıb. Orxan Seymurun anasının ünvanına bir neçə dəfə təhqiramiz ifadələr işlətdikdən sonra onlar qarşılıqlı olaraq bir-birilərini yumruqla vurub. 

Bundan sonra onları ətrafda olan şəxslərin tərəfindən mağazanın çölünə çıxarılıb. Mağazanın qarşısında da bir-birilərinə yumruq zərbələri vurmaqda davam ediblər. Seymur kurtkasının sağ cibində olan bıçaqla Orxanın qarın nahiyyəsinə zərbə vurub. 

Hadisəni törədən Seymurun barəsində Cinayət Məcəlləsinin 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq törətmək) maddələri ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Seymur ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, fərdi şəkildə hisə verilmiş balıq və toyuq məhsulları hazırlayaraq satmaqla məşğul olaraq qazancını bu yolla təmin edib: “Axşamüstü evdə özüm üçün bir qədər spirtli içki qəbul etdim. Təxminən saat 20 radələrində hisə verilmiş toyuqların satılmasını təşkil etmək üçün Mütəllimin yanına getdim. Mütəllim yaxın dostumdur, həmçinin, Siyəzən şəhəri, H.Əliyev prospektində yerləşən mağazada satıcı işləyir. Mütəllimə hisə verilmiş toyuğu verdikdən sonra onunla zarafatlaşmağa başladım. Bu vaxtı mağazaya Mütəllimin xalası oğlu, Siyəzən şəhər sakini Orxan gəldi. Orxan mağazaya daxil olduqdan sonra mən Mütəllimlə zarafatlaşmağa davam etdim. Bu vaxt Orxan mənə baxaraq söyüş söydü. Mən Orxana Mütəllimlə zarafatımın olduğunu və bunun ona heç bir aidiyyatı olmadığını bildirdim. Lakin Orxan təkrar mənə baxaraq söyüş etdi.

Təqsirləndirilən şəxs bildirib ki, bundan sonra mağazanın içərisində qarşılıqlı olaraq bir birlərinin yaxasında tutaraq dalaşmağa başlayıblar: “Həm Orxan, həm də mən qarşılıqlı olaraq bir-birimizə yumruqla vururduq. Orxanla qarşılıqlı dalaşaraq mağazanın qabağına, küçəyə çıxdıq. Mağazanın qabağından qarşılıqlı olaraq bir-birimizi vurmağa davam etdik. İçkili olduğum üçün kurtkamın sağ yan cibində olan bıçağı çıxaraq Orxanın qarın boşluğudan vurdum. Bundan sonra orada olan şəxslərdən Əzim adlı Siyəzən şəhər sakini bizi ayırdı. Mən əlimdə bıçaq piyada Heydər Əliyev prospektindən “saat” adlanan yer istiqamətində hərəkət etdim. “Saat’ın yanına çatıdıqda əlimdəki bıçağı “saat” heykəlindən beton yola çıxan yolda, həmin yolun sağına, ağaclar istiqamətində atdım. Bundan sonra saatın yanından “beton yol” adlanan Quba-Bakı yolunun qırağına çıxaraq Sumqayıt şəhərinə getmək üçün yol maşını axtardım. Beton yolda 10-15 dəqiqə dayandıqdan sonra Sumqayıt şəhəri istiqamətində hərəkətə edən yük maşını ilə Sumqayıt şəhərinə getdim. Gecə yaxınlarım mənə zəng edərək evə polis əməkdaşlarının gələrək məni axtardığını bildirdilər”. 
Seymurun ifadəsinə görə, Sumqayıt şəhərində qardaşının yanında qaldıqdan sonra könüllü polis şöbəsinə gələrək təslim olmaq qərarına gəlib: “Səhər saatlarında könüllü olaraq Siyəzən Rayon Polis Şöbəsinə gələrək cinayət əməli törətdiyimi bildirdim. Əməlimdən peşmanam. Mənim Mütəllimlə ana zarafatı etməyim Orxanın xoşuna gəlməyib. Bu səbəbdən o “xalamı söyənin anasının” deyərək söyüş söydüyü və bundan sonra bu hal bir daha təkrarlandığı üçün dalaşmağa başlamışıq. Orxanı tanıyıram, səmimi olmasam da, aramızda tanışlıq münasibəti var. Heç vaxt onunla düşmənçilik və ədavətim olmayıb. Düşünürəm ki, həmin vaxt Orxan da sərxoş olduğu üçün bu cür hadisə baş verib. Orxan ilə qarşılıqlı ilk öncə Heydər Əliyev prospektində yerləşən mağazanın içərisində, daha sonra isə həmin mağazanın qarşısında dalaşarkən əsəbi və sərxoş olduğum üçü ətrafda kimlərin olduğunu, mağazanın qarşısında kimlərin olduğunu ümumiyyətlə xatırlamıram. Orxanla qarşılıqlı dava-dalaş edərərkən Orxan da mənim sifət nahiyyəmdən yumruqla bir neçə dəfə vurdu. Bunun nəticəsində sol gözüm qaraldı, həmin gözümün üstü isə sıyrılaraq qanadı. Orxana xəsarət yetirdiyim bıçağı həmin gün yaşadığım evdən götürmüşdüm. Həmin gün axşam saatlarında evdə olan zaman ailə üzvlərim  elektrik naqillərini təmir etməyimi xahiş etdi. Mən  evdən mətbəx bıçağı götürərək elektrik naqillərini həmin bıçaqla təmir etdim, sonra bıçağı cibimə qoydum. Kapuçonu toyuqları mağazaya verməyə getməli olduğum yadına düşəndə, eləcə bıçaq cibimdə Mütəllimin mağazasına getmişəm”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Orxanın sözlərinə görə, 13 dekabr 2023-cü ildə saat 21 radələrində xalası oğlu Mütəllimin satıcı işlədiyi mağazaya siqaret almaq üçün gedib: “Mağazada başqa tanımadığı bir neçə nəfər şəxs, həmçinin Siyəzən şəhər sakini Seymur olub. Həmin vaxt Seymur və xalamoğlu Mütəllim xoşagəlməz ana zarafatı etdilər. Mütəllimin anası mənim xalam olduğu üçün zarafat xoşuma gəlmədi. Bu tərz zarafatların edilməsinin yaxşı olmadığını bildirərək aqressiv formada Seymura irad bildirdim. Mənim iradım Seymurun xoşuna gəlmədi. İlk öncə aramızda sözlü mübahisə başladı. Mübahisə zamanı xalamı söyənin anasını söydüm. Bu Seymurun xoşuna gəlmədi və biz qarşılıqlı olaraq mübahisə edərək dalaşmağa başladıq. Seymurun məni necə və nə cür vurması yadına gəlmir. Sadəcə olaraq Seymurun mənə yumruq vurması nəticəsində ərzaq mallarının üzərinə aşmam yadıma gəlir. Tanımadığım, mağazada olan bir neçə nəfər şəxs bizi ayırdı. Mən mağazadan çölə çıxdım. Bu vaxt Seymur da arxamca mağazadan çölə çıxdı. Bu zamanı Seymurla qarşılıqlı dava etdik. Dava zamanı qəfildən ağrı hiss etdim. Daha sonra ətrafdakı şəxslər bizi ayırdı. Mən yaşadığım evə qayıtdım. Evdə vəziyyətimin pis olduğu üçün təcili tibbi yardım xidmətindən istifadə edərək Siyəzən Rayon Mərkəzi Xəstəxanasına yollandım”. 

Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Seymurun əməli Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən həmin məcəllənin 126.1-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsinə tövsif edilib. Onun ittiham olunduğu Cinayət Məcəlləsinin 221.3-cü maddə isə ümumi ittihamdan çıxarılıb. 

Məhkəmənin hökmü ilə Seymurun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 1 il sınaq müddəti olmaqla 3 il şərti cəza verilib. Təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib. O, həbsdən azad olunub. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
02 dekabr 2024, 22:53
Top