Gürcüstanı çətin günlər gözləyir — Hakimiyyətin qarşısında hansı seçimlər var?

DÜNYA 02 dekabr 2024, 18:15
“Gürcüstan hakimiyyəti vəziyyəti normallaşdırmaq üçün vətəndaş cəmiyyəti ilə münasibətlərini nizamlayacaq addımlar ata bilər. Amma bu, mümkün görünmür, çünki etirazçılar geri çəkilmək istəmirlər. Gürcüstanda faktiki olaraq hakimiyyət böhranı var”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Turab Rzayev deyib. O bildirib ki, prezident Salome Zurabişvili açıq şəkildə, hətta mandatı bitsə belə, prezidentlikdən istefa verməyəcəyini açıqlayıb: 

“Zurabişvili mövcud hökuməti illeqal adlandırıb, seçkini saxtalaşdırmaqda ittiham edib. Digər tərəfdən Gürcüstanın ABŞ-dəki səfiri istefa verib, bir sıra digər səfirlər, Mərkəzi Bank, nazirlik işçiləri kütləvi şəkildə istefa verirlər. Bu, etiraz aksiyalarının getdikcə güclənəcəyini və dəstək veriləcəyini göstərir. ABŞ və Avropa İttifaqının mövqeyi də göstərir ki, onlar Gürcüstana bu məsələdə güzəşt etmək istəmirlər. Hətta açıq şəkildə etiraz aksiyaları ilə bağlı Gürcüstanı çətin günlər gözləyəcəyini deyə bilərik. ABŞ elan edib ki, Gürcüstan hökuməti ilə strateji tərəfdaşlığı dayandırır”. 

Ekspertin fikrincə, Gürcüstan geri addım atmaq istəsə, ona qarşı sanksiya və embarqolar  qoyula, izolə edilə bilər: 

“Hakimiyyətin yeganə çıxış yolu etirazçılarla nə şəkildəsə barışıq əldə etməkdir. Bu da indiki gərginlikdən sonra çətin görünür. Və ya hakimiyyət Qərb arasında yandırdığı körpüləri bərpa etməyə çalışmalıdır. Aİ ilə bağlı qərarından geri çəkilməli, xarici agentlər haqqında qanunu ləğv etməli, seçkiləri yenidən keçirməlidir, həmçinin, etiraz aksiyalarına qarşı güc nümayişini azaltmalıdır. Amma “Gürcü arzusu" bu addımları atsa, müxalifət bundan istifadə edib daha da güclənə bilər. Hakimiyyətin tərəfdarları azala bilər və ona etimad zəifləyər. Bu da hakimiyyətə sərf etmir. Demək, geriyə bir yol qalır – etiraz aksiyalarını daha sərt şəkildə dayandırmaq. Bu da ölkənin izolyasiya edilməsinə gətirib çıxara bilər”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top