Azərbaycan həm döyüş meydanında, həm də danışıq masası arxasında istədiyinə nail olub

SİYASƏT 10 noyabr 2024, 10:45
Azərbaycanın 20 faizdən artıq ərazisini 30 li işğal altında saxlayan Ermənistan bununla kifayətlənməyərək yeni ərazilər işğal etmək niyyətilə demək olar ki, hər gün işğal etdikləri və Ermənistanla sərhəd ərazilərə yaxın olan kənd və qəsəbələri iri çaplı silahlardan atəşə tuturdu. Bunun nəticəsində dinc əhali qətlə yetirilir, tarlalar yararsız hala düşür, şəxsi evlərə, təsərrüfata, mal-qaraya ziyan dəyirdi. Ermənilər “Dənizdən dənizə” sərsəm planlarını həyata keçirmək üçün hər cür provakasiyaya əl atır, eyni zamanda bir çox işlərdə Azərbaycanı günahlandırmağa çalışırdılar. 

Münaqişənin sülh yolu ilə həll edilməsi məqsədilə yaradılan ATƏT-in Minsk qrupu əksinə, danışıqları uzadaraq münaqişəni Ermənistanın xeyrinə həll olunmasına çalışırdı. BMT-nin Ermənistan silahlı qüvvələrinin dərhal və qeyd şərtsiz Azərbaycan ərazilərindən çıxarılması barədə verdiyi bəyanatlar yalnız kağız üzərində qalmışdı. Ermənilər xaricdəki havadarlarına arxayın olaraq öz çirkin əməllərini durmadan davam etdirirdilər. Dünya ölkələri bu işğala, bu təcavüzə göz yumur, hətta Ermənistanı blokadada saxlamaqda Azərbaycan günahlandırılırdı.

Nəhayət 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan xalqı işğal altındakı torpaqların azad edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsi başlandı.

Cəmi 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Müzəffər Azərbaycan Ordusu oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsini, oktyabrın 4-də Cəbrayıl şəhərini, oktyabrın 9-da Xocavənd rayonunun Hadrud qəsəbəsini, oktyabrın 17-də Füzuli şəhərini, oktyabrın 20-də Zəngilan şəhərini, oktyabrın 25-də Qubadlı şəhərini işğaldan azad etdi. Ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətində mühüm strateji yüksəkliklər işğaldan azad olundu.

Noyabrın 8-də isə Azərbaycanın cəngavər oğulları 100 kilometrdən artıq ağır, keçilməz yolları keçib, qəflətən işğalçı, təcavüzkar ermənilərin üstünü alaraq, alınmaz qala sayılan, xeyli hündürlükdə yerləşən Şuşanı azad etdilər. Sağ qalan erməni əsgərləri silahı atıb geri qaçmağa məcbur oldular. Bunula da Ermənistan öz məğlubiyyətini qəbul etdi. Kapitulyasiya aktına imza atmağa məcbur oldu.

Bu gün yeni nəsil müharibə üsulunu nümayiş etdirmiş Silahlı Qüvvələrimizin təcrübəsi dünya ölkələri tərəfindən öyrənilir. Və Azərbaycan Ordusunun hərbi taktikası öyrənilərkən belə qənaətə gəlinib ki, ikinci Qarabağ müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və bu taktika bir sıra ali hərbi məktəblərin dərsliklərinə salınıb.

Azərbaycan Ordusu öz gücünü, qüdrətini göstərdi. Torpaqlarımız Azərbaycan Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı ilə işğaldan azad edildi. Artıq işğaldan azad edilən ərazilərimizdə qürurla Azərbaycan bayrağı dalğalanır.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev: “Biz buraya qalib kimi gəlmişik, bayrağı da qaldırmışıq, azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Döyüşə-döyüşə gəlmişik. Heç kim bu torpaqları bizə elə-belə verməyib. Heç bir danışıqlar heç bir əhəmiyyətə malik deyildi. Biz gördük ki, ancaq öz gücümüzlə öz torpaqlarımızı azad etməliyik və bunu etdik. Bütün dünyaya gücümüzü sübut etdik, göstərdik, düşmənin başını əzdik. Düşməni məcbur etdik ki, qabağımızda diz çöksün, kapitulyasiya aktına imza atsın. Belə də oldu və alçaldıcı kapitulyasiya aktı tarixdə əbədi qalacaq.” 

44 gün ərzində bütün Azərbaycan xalqı Azərbaycan Prezidentinin ətrafında sıx birləşdi. Bir oldu, həmrəy oldu. Milyonlarla insan könüllü olaraq vətəni qorumaq üçün Hərbi komissarlıqlara müraciət etdi. Qəhrəman analar öz oğullarının arxasınca su səpərək erməni quldurlarının izini torpaqlarımızdan birdəfəlik silmək üçün cəbhəyə göndərdi.

Ali Baş Komandanımızın “Qarabağ Azərbaycandır və nida” ifadəsi Azərbaycanın böyük, şərəfli qələbəsinin rəmzinə, şüarına çevrildi.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan  cənab İlham Əliyev: “Bu günlərdə biz Azərbaycan xalqının birliyini gördük. Bütün bölgələrdən ordumuza dəstək gəldi. Bütün bölgələrdə hər bir vətəndaş böyük həyəcan hissi ilə bu günləri yaşayıb, hər gün televiziya önündə, radio qarşısında, internetdə cəbhədən gələn xəbərləri izləyib, uğurlarımıza sevinib. Bütün bölgələrdə biz bunu gördük. Bir daha gördük ki, ölkəmiz və xalqımız nə qədər gözəl ölkədir və gözəl xalqdır. Ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri, bütün dini konfessiyaların nümayəndələri cəsarət göstərərək, düşmənlə vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər. Bu, bizim böyük sərvətimizdir, böyük dəyərimizdir.”

Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi həmrəyliyi, cəsarəti, qəhrəmanlığı, vətənpərliyi bütün dünya gördü. Özlərini yenilməz hesab edən əliyalın xalqı – qadınları, uşaqları, qocaları 30 il əvvəl qətlə yetirərərək öz yurd-yuvasından didərgin salan erməni cəlladları bu haqq savaşında özlərinin nəyə qadir olduqlarını anladılar. Bu savaş azərbaycanlıların, ümumiyyətlə bütün türk xalqlarının yenilməzliyini, məğlubedilməzliyini, vətənpərvərliyini, yursevərliyini bütün dünyaya bəyan edən bir savaş idi.

2023-cü ilin sentyabr ayında isə antiterror əməliyyatları nəticəsində Azərbaycan öz suverenliyini tam olaraq bərpa etdi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazi adı yoxdur, tamamilə süquta uğrayıb. Qarabağın bütün rayonları digər rayonlarımız kimi Azərbaycanın tərkibində olan ayrılmaz ərazimizdir. Dövlət Sərhəd Xidməti Azərbaycanın bütün sərhədlərində Vətənin keşiyini çəkir. 

Azərbaycan Vətən müharibəsindən sonra mövcud status-kvonu özünə sərf edən şəkildə dəyişdi və itirilmiş əraziləri qaytardı. Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında istədiyinə nail olub. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır”.
 
Şəhla Ağbulud
Yazıçı-publisist, AYB Abşeron rayon bölməsinin sədri

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 noyabr 2024, 10:14
13 noyabr 2024, 08:30
Top