Davranış qaydalarına məhəl qoymayan şagirdin məktəbdən uzaqlaşdırılması doğrudurmu? — AÇIQLAMA

GÜNDƏM 04 oktyabr 2024, 18:07
Xəbər verdiyimiz kimi, ötən gün birinci sinif şagirdinin nadinc olduğu üçün məktəbdən kənarlaşdırıldığı iddia olunur.

Belə ki, şagirdin yaxını Xanım Əhmədli iddia edir ki, paytaxtın Nəsimi rayonunda yerləşən İlqar Əbilhəsənov adına 42 nömrəli məktəbin direktoru 1-ci sinifdə təhsil alan şagirdi dərsdə həddindən çox hərəkət etdiyinə görə məktəbdən kənarlaşdırır.

Onun sözlərinə görə, şagird daha əvvəl bağçaya və məktəbəqədər hazırlıq qruplarına gedib, lakin belə bir problemlə qarşılaşmayıb. O bildirir ki, direktorla yanaşı, şagirdə dərs deyən müəllim, həmçinin valideynlər də uşağın dərsə gəlməsindən narazıdırlar.

Mövzu ilə bağlı Demokrat.az saytına açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirdi ki, əgər şagird  təhsil müəssəsindən uzaqlaşdırılıbsa, bu ilk dəfədən alınan qərar deyil:

“Yəqin ki, həmin şagirdlə bağlı müxtəlif zamanlarda xəbərdarlıqlar edilib. Bu xəbərdarlıqlara məhəl qoyulmadığı üçün onun ümumi təhsil prosesindən uzaqlaşdırılmasına qərar verilib. Əlbəttə ki, belə halların yaşanmasını istəməzdik. Amma hazırda hər hansı bir şagird ümumi dərsin gedişatını pozursa,  davranış qaydalarına riayət etmirsə, şagird yoldaşlarına qarşı kobud rəftar edirsə,  dərsin təşkilini pozursa, o zaman əlbəttə ki, onunla bağll müvafiq ölçü götürülməlidir. Hazırda nazirlik və agentlik tərəfindən bəzi təhsil müəssələrində müəyyən qaydalar tətbiq olunub. Bu qaydalar əsasında şagirdlərin davranışından asılı olaraq qərarlar qəbul edilir. O ki qaldı, dərs prosesinə mane olan şagirdin islah edilməsi məsələsinə, ilk növbədə bununla bağlı təhsil müəssəsi tərəfindən həmin məktəbin valideynləri ilə proqmatik söhbət aparılmalıdır. Ona ümumi vəziyyət izah edilməlidir. Şagirdin davranışı ilə bağlı müvafiq  psixoloji konsultativ yardımlar olunmalıdır. Daha sonra isə şagirdin dərsə adaptasiyası məsələsi aşılanmalıdır. Əks halda şagird bu deyilənlərin tətbiqindən sonra yenə də davranışlarını düzəltmirsə,  tədris prosesindən uzaqlaşdırılmalıdır”.

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top