"Deputat üstün deyil, onlar da Qarabağa portalla getməlidirlər"

DAXİLİ SİYASƏT 25 sentyabr 2024, 16:19
İşğaldan azad olunan ərazilərdə bu il ilk dəfə olaraq parlament seçkiləri keçirilib. Bu, olduqca əlamətdar hadisədir. Seçki təbliğat və təşviqatı zamanı deputatlığa namizədlər bu bölgələrə portal vasitəsilə gedirdilər. 

Maraqlıdır ki, indi işğaldan azad olunan ərazilərdən seçilən deputatlar təmsil etdikləri ərazilərə də portal vasitəsilə gedəcəklər?

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisə Cəbrayıldan seçilən deputat Ceyhun Məmmədov bildirib ki, qanunlara elə birinci millət vəkilləri əməl etməlidir:

"Düşünürəm ki, qanunlar hamıya aiddir. Millət vəkili qanunverici orqanda işlədiyinə görə birinci özü qanunlara əməl etməlidir. Millət vəkilləri işğaldan azad olunan ərazilərə portal vasitəsilə getməlidir. Hazırda bu proses çox sadələşdirilib və rahatdır. Burada prinsipial, çətin məsələ görmürəm. Tez-tez bu məsələnin müzakirə edilməsini də düzgün hesab etmirəm. Bu gün bizim gördüyümüz bu qədər işlərimizin, əldə etdiyimiz uğurların qarşılığında portal elə bir problem, ciddi narahatlıq yaradan məsələ deyil. Ümumiyyətlə, hesab edirəm ki, biz daha çox qlobal və önəmli məsələləri müzakirə etməliyik. Portal ona görədir ki, sabah problem olanda məsələni araşdırmaq üçün hüquqi əsas olsun. Mina və başqa problemlər var".

Ceyhun Məmmədov söyləyib ki, deputat seçilmək kimdənsə üstün olmaq mənasına gəlmir:

"Bu gün Azərbaycanda portalın tamamilə ləğvi barədə müzakirələr də gedir. Lakin bu yanaşmaları düzgün hesab etmirəm. Biz söhbəti bu müzakirələrin üzərində qurmalı deyilik. Əksinə hədəf və məqsədimiz nədirsə, o yöndə addımlarımızı atmalıyıq. Bir daha qeyd edirəm ki, işğaldan azad olunan ərazilərə gedən insanlar qaydalara, qanunlara, normalara əməl edərək bölgəyə səfər etməlidirlər. Millət vəkili seçilmək, kimdənsə üstün olmaq demək deyil. Millət vəkili də qaydalara, normalara, dövlətin müəyyənləşdirdiyi təlimatlara əməl etməlidir".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top