Antiterror tədbirləri zamanı şəhid olan Amil Tanrıverdiyevin anım mərasimi keçirilib — FOTOLAR

GÜNDƏM 22 sentyabr 2024, 21:20
Bu gün Azərbaycan Ordusunun antiterror əməliyyatı zamanı şəhid olmuş hərbi qulluqçusu Amil Tanrıverdiyevin anım günüdür.

Onun şəhid olmasından bir il ötür.

Şəhidin anım günü münasibətilə doğma yurdu Ağstafa rayonunun Poylu kəndində tədbir keçirilib.

Məktəb illərindən öz vətənpərvərliyinə görə yaşıdlarından seçilən Amil Tanrıverdiyevin ildönümü günü onun Poylu kəndindəki məzarı və adına tikilmiş şəhid bulağı ziyarət edilib, xatirəsi anılıb, ruhuna dualar oxunub.

Tədbirdə şəhidin yaxınları, dostları, onun təhsil aldığı təhsil müəssisəsinin müəllim heyəti, eləcə də kənd sakinləri iştirak ediblər.

Mərasimdə S.Məmmədov adına Poylu kənd orta məktəbinin müəllimi Xəyalə Rüstəmova şəhidin qəhrəmanlığından və vətənpərvərliyindən söz açıb. Bildirilib ki, əsgər Amil Tanrıverdiyev ötən ilin 19-20 sentyabr tarixlərində Azərbaycanın Qarabağ bölgəsində keçirilən antiterror əməliyyatlarında döyüşlərə qatılıb, şəxsi fədakarlıqlar, bir sıra şücaətlər göstərib.

Həmçinin tədbirdə Poylu kənd bağçasının hazırladığı kompozisiya nümayiş etdirilib.

Qeyd edək ki, Tanırverdiyev Amil Elşən oğlu 19 may 2004-cü ildə Ağstafa rayonu Poylu kəndində anadan olub. Orta təhsilini S.Məmmədov adına Poylu kənd orta məktəbində alıb. 

2022-ci il iyul ayının 6-da Səfərbərlik və Hərbi Xidmət Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb, Komando təlim kurslarına seçilib. 

O, Azərbaycanın Silahlı Qüvvələri tərəfindən 19 sentyabr 2023-cü il tarixində həyata keçirilən uğurlu lokal antiterror tədbirləri zamanı Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Müdafiə Nazirliyinin Quru Qoşunlarının hərbi qulluqçusu Tanırverdiyev Amil Elşən oğlu Prezident İlham Əliyevin Sərəncamına əsasən “Vətən uğrunda” medalı və  3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top