“Azərbaycanda ən ciddi ekoloji problemlərdən biri Bakının çirkli havasıdır” — Paytaxtın yeri dəyişdirilməlidir

GÜNDƏM 17 sentyabr 2024, 14:23
Tədris ili başlayıb, deməli, şəhərdə tıxac daha da artacaq. Bunun səbəbi də avto-nəqliyyat vasitələrinin, xüsusən də avtomobillərin şəhərdə çox olmasıdır. Nəqliyyatın çox olması şəhərin atmosferini korlayır. Ümumiyyətlə avtomobillərdən başqa bir sıra digər faktorlar da var ki, havanın keyfiyyətini aşağı salır.  Paytaxt Bakı artıq havası ən çirkli olan şəhərlər sırasında yer alır. Xüsusən də bölgələrdən qayıdanda çirkli havanı daha çox hiss etmək olur. 

Ekoloq Ənvər Əliyev də Bakı şəhərinin havasının həddindən artıq çirkli olmasını təsdiq edib. Ə.Əliyevv Demokrat.az-a açıqlamasında deyib ki, beynəlxalq müstəvidə də bu məsələnin ciddiliyi qeyd olunur: 

“Azərbaycanda havanın çirkliliyinin ən ciddi ekoloji problemlərdən olması barədə xəbərdarlıq edilir. Rayonlarımızda hələ ki belə bir problem yoxdur. Avto-nəqliyyat vasitələrinin təxminən 85 faizi Bakı şəhərində cəmlənib. Bunun da səbəbi Bakının sənaye şəhəri olmasıdır. Bu maşınların mühərriklərindən buraxılan karbon oksidləri, azot oksidləri, kükürd oksidləri, aldehidlər atmosferi çirkləndirir. Bu zərərli maddələr də benzin və kerosinin yanmasından əmələ gəlir. Sovetdən qalma maşınlar və bəzi ölkələrdən gətirilən işlənmiş köhnə maşınlar havaya daha çox zərərli qazlar buraxır. Bundan başqa maşınların hərəkətdə olarkən təkərlərindən çıxan hissəciklərin asfaltla sürtünməsi nəticəsində də zərərli maddələr əmələ gəlir. Atmosferdəki bütün zərərli maddələr, qazlar üstümüzə, dərimizə, geyimimizə hopur və ciyərlərimizə daxil olaraq tədricən orqanizmimizi zəhərləyir. Bu da mədə-bağırsaq xəstəliləri, diqqətsizlik, yorğunluq, stress, yaddaşın zəifləməsinə səbəb olur. İnsan ömrünün qısalmasının bir səbəbi də atmosferin çirkliliyidir. Hər ay ölkəyə təxminən 8 min avtomobil gətirilir. Avtomobil sıxlığı səs-küyə səbəb olur ki, sadaladığım xəstəliklərin yaranma səbəblərindən biri də həddin artıq səs-küydür. Normal səs səviyyəsi, yəni insanın rahat yatması üçün səs 40-50 desibeldən çox olmamalıdır. Bunu Ümumdünya Səhiyyə Təşkilatı da tövsiyə edir. Hamilə qadınlar, uşaqlar, körpələr, ahıllar səs-küydən, atmosferin çirkliliyindən daha çox əziyyət çəkirlər”. 

Ekspertin fikrincə bəzi dəyişiklilər etməklə paytaxtdakı sıxlığı azaltmaq olar:

“Şəhərdəki sıxığı, səs-küyü azaltmağın bir yolu əhalinin bir hissəsinin bölgələrə köçürülməsidir və ya bölgə əhalisinin elə öz yerlərində qalmasına şərait yaratmaqdır. Çünki sosial problemlər ucbatından rayonlardan insanlar şəhərə gəlirlər. Bir sözlə, Bakı şəhəri insanların sağlam şəkildə yaşaması üçün öz funksiyasını çoxdan itirib. Paytaxtın yerini dəyişdirmək lazımdır. Bir çox ölkələr bu təcrübəni tətbiq edib. Qazaxıstan nümunəsindən istifadə edə bilərik. Qonşu İranda da paytaxtın İsfahan ətrafına köçürülməsi müzakirə edilir. Paytaxt inzibati şəhər olmalıdır, sənaye funksiyası daşımamalıdır. Çünki bu, insanların sağlamlığı bahasına başa gəlir”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top