Milli Xalça Muzeyinin Şuşa filialına iki sənətkarlıq nümunəsi hədiyyə edildi — FOTOLAR

MƏDƏNİYYƏT 07 sentyabr 2024, 16:31
Şuşa sakini Sahib Həsənov nənəsi ilə anasının 1959-cu ildə birgə toxuduğu “Bağçada güllər” xalçasını və XIX əsrin ortalarına aid məfrəşi filiala hədiyyə edib.

Bu barədə Demokrat.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Öz xatirələrini bölüşən S.Həsənov bildirib ki, 1-ci Qarabağ müharibəsindən öncə bu xalça Şuşada onların evlərinin divarını bəzəyib:

“Şəhər işğal olunanda ailəmiz üçün ən əziz əşya kimi onu da Bakıya apardıq. Xalçanın üzərində nənəmin və anamın adlarının baş hərfləri “Ə” (Əzət) və “S” (Səltənət) yazılıb. Xoşbəxtik ki, uzun illər sonra doğmalarımdan yadigar qalan bu xalça da bizimlə bərabər öz yurduna qayıtdı. Düşünürəm ki, ən doğru addım onu muzeyə bağışlamaqdır. 

Qoy bura gələn turistlər görsünlər ki, Azərbaycan qadınları nələr yaradıb”. Təqdim olunan Qarabağ xalçasının mərkəzində qızılgül təsvirləri verilib.

S.Həsənovun muzeyə bağışladığı digər əşya isə 100 ildən artıq yaşı olan məfrəşdir. O, xalça məmulatından yaylaqdan qışlağa, qışlaqdan isə yaylağa köçərkən sandıq kimi istifadə etdiklərini deyib.





SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top