"Türkiyə anti-terror əməliyyatı ilə bağlı qərarında tamamilə haqlıdır" – Politoloq

GÜNDƏM 10 oktyabr 2019, 21:16

Xəbər verdiyimiz kimi, Türkiyə ötən gündən etibarən Suriyada “Barış bulağı” adlı yeni anti-terror əməliyyatına start verib. Bəs Ankaranın başlatdığı bu əməliyyat regiona nə vəd edir? Bu nəhəng əməliyyatı uğurla başa vurmaq üçün Türkiyənin yetərli hərbi potensialı varmı?

 

Moderator.az-a açıqlama verən politoloq Fikrət Sadıqov rəsmi Ankaranın mövqeyinin tamamilə haqlı və başadüşülən olduğunu vurğuladı:

 

“İlk məlumatlar göstərir ki, Türkiyə artıq müəyyən hərbi uğurlara nail olub. Türkiyə heç kimə - beynəlxalq təşkilatlara, aparıcı dövlətlərə əl uzatmadan, onlardan yardım istəmədən öz sərhədlərini qorumaq üçün terrorçu dəstələrə qarşı əməliyyatlara start verib. Bu, dövlətin təhlükəsizliyinin təmini prinsipinə tamamilə uyğundur. Beynəlxalq münasibətlər sistemində Türkiyənin bu addımına birmənalı münasibət mövcud deyil. Bəzi dünya liderləri Türkiyənin bu addımı hay-küylə qarşılayır, buna öz etirazlarını bildirirlər. Onların etirazı tamamilə əsassızdır.

Türkiyə hər zaman öz sərhədlərini qorumağa qadir dövlət olub. Bu gün Suriyada elə mürəkkəb vəziyyət yaranıb ki, nə Bəşər Əsəd, nə də digər aparıcı dövlətlər terrorçu dəstələrə nəzarət edə bilmirlər. Yaxud nəzarət etmək istəmrilər. Buna görə də rəsmi Ankara belə bir addım atmağa qərar verib.

 

Türk ordusunun Suriyada anti-terror əməliyyatına start verməsi o demək deyil ki, türk ordusu Suriya ərazisində qalacaq. Türkiyə bununla öz sərhədlərinin toxunulmazlığını təmin etməyə çalışır.

 

4 milyona yaxın Suriyalı miqrant Türkiyədəki düşərgələrdə yaşayır. Onların təminatı məsələsində Türkiyəyə kimsə kömək etmir. Amerika da, Avropa da bununla bağlı bir sıra bəyanatlar versə də, həmin miqrantlara faktiki kömək edən yoxdur. Onların yaşamı üçün bütün yük, bütün məsuliyyət Türkiyənin üzərindədir. Odur ki, mən Ankaranın bu qərarını tamamilə məntiqəuyğun hesab edirəm”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top