Hər kəs psixi müayinədən keçməlidir — AÇIQLAMA

SOSİAL 08 avqust 2024, 18:55
Son dövrlərdə psixi xəstələrin sayı kəskin artıb. Yəni ağır, psixoloji, psixi problemləri olan insanlar açıq şəkildə ortalıqda gəzir. Bunlar bəzən çox ağır, qətldən, zorlamadan tutmuş, hər cür cinayətlərə səbəb olurlar. 

Bu sözləri Demokrat.az-a açıqlamasında sosioloq Elçin Bayramlı deyib. O bildirib ki, təəssüf ki, belələri ilə bağlı nə nəzarət, nə yoxlama, nə hər hansı bir tədbir görülür:

“Normalda bütün insanlar müayinədən keçməlidir. Mən dəfələrlə təklif eləmişəm ki, ölkədə ümumi psixoloji müayinə təşkil olunsun. Doğrusu, bütün insanlar psixi müayinədən keçməlidir. Bəzi peşə sahələri var ki, psixi problem olarsa, onlarla insanın ölümünə səbəb ola bilər. Eyni zamanda bu, uşaqlarla bağlıdır. Valideynlərin əgər psixi problemi varsa, təbii ki, uşağa çox ciddi zərər vura bilər, hətta öldürə bilər. Belə hallar çox olub. Ümumiyyətlə bir çox sivil ölkələrdə uşaqların fiziki və ya psixi sağlamlığına zərər vuran valideynlərin əlindən dövlət tərəfindən uşaq alınır. Bizdə də təxminən belə bir şey tətbiq olunmalıdır ki, bütün hamı psixi müayinədən keçsin və nəzarət olunsun, valideynlər uşaqların psixologiyasına, psixikasına zərbə vurursa, psixi travma yaradırsa, fiziki sağlamlığına zərbə vurursa, onları istismar edirsə, hardasa küçələrdə işlədirsə və yaxud zorakılığa məruz qoyursa, bu kimi valideynlər cəzalandırılmalıdır. Uşaqlar da əlindən alınmalıdır. Əgər belə eləməsək həm inzibati, həm psixoloji tərəfdən yanaşmasaq, bu problem getdikcə kəskinləşəcək və bundan da ağır  hallarla üzləşəcəyik. Azərbaycanda psixi xəstələrin artım sürətlə gedir və bu artım cəmiyyətdə fəsadlar yaradır. Psixi problemi insanlar həm öz ailə üzvlərinə, həm cəmiyyətə, həm dövlətə çox ciddi zərbələr, zərərlər vura bilirlər. Əgər uşaqlarla bağlıdırsa, uşaqlar belə valideynlərdən alınmalıdır. İşlə bağlıdırsa, həmin şəxs işdən uzaqlaşdırılmalı, insanlarla ünsiyyətdən uzaqlaşdırılmalıdır. Əks halda bu, çox ciddi faciələrə gətirib çıxaracaq”.

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
08 sentyabr 2024, 16:56
08 sentyabr 2024, 14:16
Top