"Şoyqu kəşfiyyat diplomatiyası həyata keçirə bilər" — Tehran səfəri nədən xəbər verir?

GÜNDƏM 05 avqust 2024, 21:50
 “Tarixən Rusiyanın Yaxın və Orta Şərqdəki siyasətini həyata keçirməkdə İran vasitəçi olub. Bu gün də eyni siyasət qüvvədədir. Nəzərə alsaq ki, son zamanlar Turanla bağlı fikirlər Rusiyanı, Çini, o cümlədən İranı narahat edir, İranla Rusiyanın yaxınlaşması bizə qəribə gəlməməlidir”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

O, Rusiyanın Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun Tehrana səfərinə münasibət bildirib və bu səfərin təsadüfi olmadığını deyib:

“Şoyqunun da əsli türkdür və türkün əli ilə türkü vurmaq Çar Rusiyası zamanından Rusiyanın həyata keçirdiyi siyasət olub, eyni şeyi fars da edir. Rusiya Təhlükəsizlik Şurasının katibinin İrana səfəri, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi və Silahlı Qüvvələrin Baş Qərargahının rəisi ilə danışıqlar aparması bir çox detallardan xəbər verir. İranın silahla təchizatı çox aşağı səviyyədədir, müasir silahlara sahib deyil. Rusiya da bu vəziyyətdən istifadə edib bir daşla iki quş vurmaq istəyir. Rusiya İranda yeni satış bazarı formalaşdırmaq istəyəcək özü üçün, əvəzinə İranın resurslarından faydalanacaq. O cümlədən İranın silahlı qüvvələrinin vəziyyətini, nəyə hazırlaşdığını biləcək. Bu məlumatların gələcəkdə İsrailə ötürülməyəcəyinə dair bir zəmanət də yoxdur. Şoyqu bu məqamda kəşfiyyat diplomatiyası həyata keçirə bilər. Hazırda İran-İsrail münasibətlərində gərginlik yaşanır, amma pərdə arxasında hər iki dövlət eyni nöqtədən idarə olunur, maraqları da eynidir.  İran Yaxın Şərqdə Rusiyanın maraqlarına uyğun olaraq hərəkət edir, yeni perspektivlər yaratmaq istəyirlər. Şoyqunun səfərinin səbəbi də budur”.

Qeyd edək ki, Rusiyanın Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Tehrana gedib. Səfər çərçivəsində Şoyqu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian və Silahlı Qüvvələrin Baş Qərargahının rəisi Məhəmməd Baqeri ilə danışıqlar aparacaq. İran Prezidenti Məsud Pezeşkinanın da Şoyqunu qəbul edəcəyi gözlənilir. Danışıqlar zamanı ikitərəfli əməkdaşlığın geniş spektri və onun gücləndirilməsi - təhlükəsizlik sahəsindən ticarət-iqtisadi layihələrə, eləcə də qlobal və regional təhlükəsizliyin müxtəlif aspektlərinə qədər məsələlər müzakirə olunacaq.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top