Paytaxtın ən bahalı və ucuz evləri harada yerləşir? — ARAŞDIRMA

GÜNDƏM 02 avqust 2024, 15:19
Paytaxt Bakıda günü-gündən yeni yaşayış kompleksləri ucaldılmaqda, yeni evlər tikilməkdədir. Ev almaq istəyən şəxslər bina və həyət evi, yerləşdiyi ərazi və qiymət baxımından seçim etməkdə çətinlik çəkirlər və bəzən çox baha qiymətlərlə rastlaşırlar. 

Demokrat.az mənzil sahibi olmaq istəyən şəxslər üçün şəhərin ən bahalı və ən ucuz yerlərini araşdırıb. 

Mövzu ilə bağlı açıqlama verən əmlak eksperti Elnur Fərzəliyev bildirib ki, paytaxtda əraziyə görə olan standart qiymət və bahalı qiymətlər mövcuddur. 

Elnur Fərzəliyev qeyd edib ki, mənzil almaq istəyən şəxslər ilk növbədə onlara lazım olan ərazini və büdcələrini seçirlər:

“İstənilən ərazidə orta və yüksək maddi büdcəyə uyğun evlər olur. Bakının Yasamal rayonunda ucuz evlər Yeni Yasamalda başlayır, ən bahalı evlər üzü Elmlər Akademiyası və Nizami metrosuna, yəni mərkəzə doğru artaraq gedir. Yeni Yasamalda kvadratı təxminən 1200-1500 manata ev tapmaq olar. Amma mərkəzə, Nərimanov heykəlinə doğru yeni tikili binalarda evlərin kvadratı 2500 manatdan təxminən 3500-4000 manat arası dəyişə bilir. Ərazi olaraq ən bahalı evlər Sahil metrosu ətrafı, 28 may metrosu ərazisi və İşəri şəhər tərəfdədir. 
 
Həmçinin, paytaxtın müxtəlif ərazilərində qiymətlər dəyişir. Bəzi ərazilər var ki, bir küçədə sıralama təxminən 8-10 yeni tikilən bina var. Bu sıralamada bəzi binalarda evlərin kvadratları 1500, bəzilərində isə 3000 manata qədər dəyişə bilir. Qiymətin dəyişməsi binanın prestijindən, keyfiyyətindən asılıdır. Ümumi baxsaq, bütün binalarda istifadə olunan tikinti materialları demək olar ki, standartdır. Yalnız yerləşməsi, proyekti, çıxarışı və şirkətin daha dayanıqlı olması onun qiymətini artırır. Həmçinin, şəraiti, həyətyanı sahəsi, avtomobil dayanacağı və s. bunların hər biri qiymətə təsir edir. Bu, paytaxtın müxtəlif ərazilərini özündə əhatə edir. 

Köhnə tikili binalarda qiymətlər əraziya görə dəyişkən deyil, əsasən standartdır. Burada əsasən mərtəbəsinə, təmirinə, proyektinə və ərazisinə görə qiyməti dəyişə bilir. Orada da təxminən 10% qiymət dəyişikliyi olur. Söhbət ümumi Bakı şəhərindən getdikdə isə Zabrat və s ərazilərdə də yeni tikili və azmərtəbəli binalar var. Orada qiymətlər daha ucuzdu. Evlərin kvadratı ortalama 1000-1200 manat civarındadır. Amma mərkəz ərazilərdə məşhur binalar var ki, onlarda mənzilin kvadrat metri 4000-5000 manata qədər dəyişir. 

Həyət evlərində isə qiymətlər tam fərqlidir. Həyət evində heç bir halda standart qiymət olmur. Həyət evində evin tikintisi, həyətyanı sahəsi, sənədinin olub-olmaması hər biri qiymətə öz təsirini göstərir. Hazırda şəhərin mərkəz hissəsi Məmməd Araz küçəsi, Nərimanov rayonunda həyət evinin qiymətləri çox bahadır. Orada  torpağın bir sotu 200 000 manatdan 500 000 manata qədər dəyişə bilir. Məmməd Araz küçəsi tərəfdə evlər çox az hallarda satışa çıxır. Onda sonra Badamdar və digər ərazilərdir. Oralar  villalar massividir, deyə qiymət bahadır. Lökbatanda qiymət o qədər də yüksək deyil. Əslində, Lökbatanda inkişaf çox güclü olmalı və bu, evlərin qiymətinə də təsir etməli idi. Amma ora axın yoxdur. Nədənsə tələbat o qədər də güclü deyil. Daşınmaz əmlak alan şəxslər onu daha çox kapital kimi alır. 

Yasamal rayonunda "Sovetski", "Kubinka", "Alatava"da həyət evləri var. Amma bu evlərin sənədlərində problem var. Evlər tikinti normativlərindən uzaq tikilib və standardan kənardır. Orada hər qiymətə ev var. Hazırda həmin ərazilərin bir hissəsində söküntülər gedir. Qiymət artıb və satış edənlərin sayı azalıb.  

Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top