“Üçüncü Dünya müharibəsinə yaxınıq” — Tramp

DÜNYA 27 iyul 2024, 18:21
Respublikaçılar Partiyasından prezidentliyə namizəd, ABŞ-ın keçmiş prezidenti Donald Tramp Florida ştatındakı evində təxminən, 4 ildən sonra ilk dəfə İsrailin baş naziri Netanyahu və həyat yoldaşı Sara Netanyahunu qəbul edib. 

Demokrat.az xəbər verir ki, qapalı keçirilən görüşdə Yaxın Şərq və Qəzzadakı son vəziyyət, həmçinin ABŞ-İsrail münasibətləri müzakirə edilib. 

Görüşdən sonra mətbuat mənsublarının bəzi suallarını cavablandıran Tramp İsrailin ən mühüm dostlarından biri olduğunu bildirib və Bayden administrasiyasını tənqid edib. 

Tramp Baydenin geri çəkilməsindən sonra prezidentliyə namizəd olmuş ABŞ-ın vitse-prezidenti Kamala Harrisin Netanyahu ilə görüşündən sonra dediklərinə sərt reaksiya verib:

“Onun sözləri hörmətsizlik idi və nəzakətli deyildi. Bir yəhudinin ona necə səs verəcəyini bilmirəm, bu onların öz ixtiyarındadır, amma o, həqiqətən də İsrailə qarşı hörmətsizlik edirdi”.

Tramp prezidentliyi dövründə İsrail üçün güclü addımlar atdığını ifadə edib:

“İsrailə çox yaxşı idim, əvvəlki bütün prezidentlərdən daha yaxşı idim. Biz Colan Təpələri və Qüdsü paytaxt kimi qəbul etmək üçün çox iş görmüşük. Qüdsdə səfirliyimizi tikdik. Və təbii ki, İranla nüvə sazişi. Təəssüf ki, Bayden administrasiyası heç nə etmədi”.

İranla nüvə anlaşmasını ləğv etməklə İsrailə ən böyük yaxşılığı etdiklərini müdafiə edən Tramp, Bayden administrasiyasının bu mövzuda heç nə etmədiyini bildirib.

Tramp, həmçinin, Demokratların prezidentliyə namizədi olmuş Harrisin Yaxın Şərqlə bağlı məsələlərdə Baydendən daha pis olduğunu qeyd edib. 

Tramp Yaxın Şərqdəki müharibənin seçkini qazanması ilə bitəcəyini bildirərək, “İkinci Dünya Müharibəsindən bəri Üçüncü Dünya Müharibəsinə ən yaxın olduğumuz yerdəyik. Heç vaxt bu qədər yaxın olmamısınız, çünki ölkəmizi səriştəsiz insanlar idarə edir” deyib. 

Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 sentyabr 2024, 22:54
Top