ABŞ-ın keçmiş prezidenti Donald Trampın seçki mitinqində güllələnməsindən sonra tənqidlərə məruz qalan ABŞ Gizli Xidmətinin direktoru Kimberli Çitl istefa verib.
Demokrat.az xəbər verir ki, Çitl istefası ilə bağlı xəbəri ABŞ Gizli Xidmətinin əməkdaşlarına e-poçta vasitəsi ilə elan edib.
Çitl elektron poçtunda "Təhlükəsizliyin pozulmasına görə bütün məsuliyyəti öz üzərimə götürürəm. Hadisələrdən sonra çətin variantı seçərək, istefa verməyə qərar verdim" deyib.
Qeyd edək ki, Çitlin istefası dünən Nümayəndələr Palatasında keçmiş prezident Trampa qarşı sui-qəsd cəhdi ilə bağlı sualları cavablandırdıqdan sonra baş verib. 4 saatdan çox davam edən iclasda hər iki partiyadan olan Konqres üzvləri Çitli sorğu-sual ediblər. Konqres üzvləri sui-qəsdin qarşısını ala bilmədiyi üçün onu sərt şəkildə tənqid edib və “dərhal istefaya” çağırıblar.
Çitl Trampa qarşı sui-qəsd cəhdini “Məxfi Xidmətin uzun illərdən bəri ən böyük əməliyyat uğursuzluğu” olaraq xarakterizə edib. Tənqidlərdən sonra o, bu gün istefa verdiyini açıqlayıb. Çitl 2022-ci ildən ABŞ Gizli Xidmətinin direktoru olub.
Əfsanə Rəcəb
Demokrat.az