“NATO çərçivəsində Vaşinqtonda növbəti görüşün keçirilməsi Rusiyanın bölgədəki nüfuzuna zərbədir” — AÇIQLAMA

SİYASƏT 10 iyul 2024, 18:20
“NATO-nun 75 illik yubiley görüşü ilə bağlı olaraq Azərbaycan və Ermənistan xarici işlər nazirləri Vaşinqtona dəvət ediliblər. Burada onların ABŞ dövlət katibi ilə görüşü planlaşdırılır. Görüş zamanı geniş spektrli mövzuların müzakirə olacağını ehtimal edə bilərik”.

Bunu Demokrat.az-a açıqlamasında politoloq Amid Əliyev deyib. Onun sözlərinə görə birinci növbədə hər iki ölkə arasında sülh sazişinin imzalanması hər zaman olduğu kimi prioritet məsələ olacaq: 

“Artıq hər iki tərəf sülh sazişinin mətni ilə bağlı olaraq son fikirlərini və əlavələrini ediblər. Bir müddətdir ki, Ermənistan siyasiləri bir ay ərzində sülh sazişinin imzalanmasının mümkünlüyü haqqında bəyanatlar verirlər. Belə olan halda Vaşinqton bu məsələdə daha da irəli gedərək mümkün tarix və məkanı təklif edə bilər. Bu məsələdə Qazaxıstan və Gürcüstan məkan olaraq öz təkliflərini artıq veriblər. Əsas odur ki, məkan seçilərkən Rusiya və ABŞ-nin maraqları təmin olunsun, əks halda mümkün yubanmalar ola bilər”.
Ekspert bildirib ki, tərəflər arasında müzakirə oluna biləcək mövzulardan biri də sərhədlərin müəyyənləşdirilməsidir: 

“Ermənistan artıq Qazaxın 4 kəndini geri qaytarıb, 15 km-lik sərhəd müəyyən olunub, sərhəd dirəkləri təyin edilib və iş hazırda da davam edir. Bu məsələdə həm ABŞ, həm də Ermənistan gözəl anlayır ki, məqam Zəngəzura çatanda Azərbaycanın tələbləri daha konkret və sərt ola bilər. Ermənistanı bu məqamda narahat edən əsas element təhlükəsizliyə kimin cavabdeh olmasıdır. ABŞ da bu məsələdə Ermənistanla həmrəydir ki, təhlükəsizlik Ermənistanın özü tərəfindən təmin edilsin və Rusiya bu işdə iştirak etməsin. Azərbaycanın mövqeyi isə daha açıq və konkretdir - dəhliz açılmalı, yüklər və insanlar sərbəst hərəkət etməlidir. Tranzit yüklər isə beynəlxalq hüquqa görə tənzimlənməlidir. Təhlükəsizlik məsələsini isə Ermənistan özü həll etməlidir. ABŞ sülh sazişinə qədər bu məsələni Ermənistanın xeyrinə həll etmək sitəyir, amma Azərbaycan və Türkiyə bu məsələdə qəti mövqe nümayiş etdirərək yalnız və yalnız sülhdən sonra bunun mümkünlüyünü vurğulayırlar. Əks halda Azərbaycanın Ermənistana təsir və təzyiq rıçaqları zəifləyə bilər və Ermənistan da bundan öz xeyrinə istifadə edə bilər”.

Politoloq qeyd edib ki, digər mühüm məsələ isə Azərbaycanın haqlı iradı ilə Ermənistanın əsas qanununda dəyişikliklərin edilməsi ilə bağlı olan tələbdir: 

“Təbii ki, bu tələb özlüyündə məntiqlidir ki, Ermənistan bu addıma getməsə imzalanacaq hər bir sülh sazişinin gələcəyi təhlükə altında olacaq. Ermənistan bu dəyişikliyi etməklə bir daha Azərbaycana qarşı ərazi iddialarının olmadığını və Türkiyəyə qarşı real olmayan iddialardan əl çəkdiyini sübuta yetirməldir. Əks halda hər hansı bir sazişin imzalanması mümkün olmaya bilər”.

Qeyd olunan faktlarla yanaşı noyabrda COP29 tədbirinin Bakıda keçirilməsi və bundan irəli gələn məsələlər də müzakirə olunacaq. 

ABŞ-nin hazırkı siyasi hakimiyyəti yeni seçkilərədək məsələdə müsbət dəyişiklik etmək fikrindədir. Görüşün məhz NATO tədbiri çərçivəsində keçirilməsi isə birbaşa Rusiyaya sətraltı mesaj ötürülməsi kimi qiymətləndirilə bilər. Qitədən çox uzaqda ABŞ-də və NATO-nun əsas funksionerinin təşkilatçılığı ilə növbəti görüşün keçirilməsi Rusiyanın bölgədəki mövqeyinə növbəti zərbədir. 

NATO ilə Ukrayna cəbhəsində mübarizə aparan Rusiya istər-istəməz bu məsələdə bitərəfliyini qoruyub saxlamalıdır ki, digər həssas bölgələrdə mümkün ikinci cəbhə açılmasın”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 oktyabr 2024, 22:36
Top