"Şagirdlərə xüsusilə həmin kartların verilməsinin tərəfdarıyam" — Deputatın təklifinə MÜNASİBƏT

SOSİAL 03 iyl 2024, 23:23
"İctimai nəqliyyatda keyfiyyətin və səmərəliliyin yüksəldilməsi ilə yanaşı ödəniş vasitələrinin və metodlarının da beynəlxalq standartlara tam uyğunlaşdırılması vacibdir”. Bu fikirlər millət vəkili, iqtisadçı Vüqar Bayramova məxsusdur. Millət vəkili qeyd edib ki, son illər ictimai nəqliyyat sektorunda institutsional islahatlar dərinləşib. Bununla yanaşı, bütün inkişaf etmiş dövlətlərdə olduğu kimi bizdə də bu sahə uzun müddətli islahatlar tələb edən sektordur: 

- Əksər inkişaf etmiş ölkələrdə o cümlədən qardaş Türkiyədə ictimai nəqliyyatda differensial qiymətlər tətbiq edilir. Cəmiyyətinin sosial müdafiəyəyə daha çox ehtiyacı olan təbəqləri güzəştli qiymətlər ilə nəqliyyatdan istifadə edə bilərlər. Bu baxımdan Azərbaycanda da oxşar praktikanın tətbiq edilməsinə ehtiyac var. Əksər ölkələrdə olduğu kimi tələbələr üçün güzəştli qiymətlər ilə Tələbə Nəqliyyat Kartının tətbiqi mümkündür. Bu zaman tələbələrin müəyyən güzəştlə ictimai nəqliyyatdan istifadəsi məqsədəuyğun olardı.  Tələbələrin elektron bazasının yaradılması qısa zamanda mümkündür və həmin baza əsasında kartların satışı həyata keçirilə bilər. Həmin kartlardan başqalarının istifadə etməməsi üçün isə maliyyə cəriməsi daxil olmaqla güzəştli hüququn itirilməsi kimi cəzaların müəyyənləşdirilməsi mümkündür. Prosesə şəffaf nəzarət bu şərtlər daxilində kartlardan başqalarının istifadə etməsinin qarşısını almış olar. 

V. Bayramov gündəlik, həftəlik və aylıq kartların tətbiqinə ehtiyac olduğunu deyib: 

- Bu zaman müddətindən asılı olaraq 10-30 faiz intervalında güzəştlər tətbiq edilə bilər. Bu vətəndaşın müddətli kartdan faydalanmaqla aşağı qiymətə ictimai nəqliyyatdan istifadə etməsinə imkan verməklə yanaşı nəqliyyat qurumlarına birdəfəlik gəlirlərin daxil olmasıma şərait yaradacaq. Nəticədə, ictimai nəqliyyata məsul olan qurumlar bununla da çevik sərmayə imkanlarını genişləndirə biləcəklər. Bir sıra ölkələrdə mövsümü güzəştlər də tətbiq olunur və güman edirik ki, bu güzəştlərdən gələcəkdə istifadə oluna bilər. Bütövlükdə, differensial tarif sisteminin ölkəmizdə də tətbiqi sosial müdafiəyəyə ehtiyacı olan qrupların nəqliyyat xərclərini azaltmaqla yanaşı, nəqliyyat şirkətləri üçün birdəfəlik vəsait cəlb etmə və bu kontekstdən səmrayə imkanlarını da artıra bilər.

Məsələ ilə bağlı Demokrat.az-a danışan sosioloq Lalə Mehralı qeyd etdi ki, millət vəkilinin təklifi dəyərləndirilməlidir: 

- Millət vəkilnin təklifi müsbətdir. Amma bəzi hallarda o kartlardan sui-istifadə halları baş verə bilər. Buna imkan verilməsə, sui-istifadə hallarının qarşısını ala biləcək mexanimz olsa, tələbələrə və məktəblilərə ictimai nəqliyyatda güzəştli  gediş kartlarının paylanması əlbəttə, müsbət olar. Sadəcə, həmin kartlardan ailənin digər üzvlərinin də istifadə edib-etməməsi məsələsi də həllini tapmalıdır. Həmçinin güzəştli gediş imkanları ictimai nəqliyyatda sıxlığın azaldılmasına da səbəb ola bilər. Belə bir tətbiq mümkündür ki, güzəştli kartlar pik saatda keçərli olmasın. Həmin kartlardan  ictimai nəqliyyatın pik saatlarında istifadə edilməsin, günün digər saatlarında onlardan istifadəyə icazə verilsin. Bununla ictimai nəqliyyatın yüklənməsinin də qarşısı alınar. Şagirdlərə xüsusilə həmin kartların verilməsinin tərəfdarıyam. Çünki şagirdlər gün ərzində bir neçə dəfə ictimai nəqliyyatdan istifadə edirlər. Məktəbdən əlavə hazırlıqlara, repititor yanına da gedirlər, valideynlərin xərcləri daha çox çıxır. Bir çox ölkələrdə şagirdlər, tələbələr üçün icitmai nəqliyyarda gediş pulsuzdur. Bu cür imtiyazlar sosial həssas qruplara, müavinətlər alan təbəqəyə də şamil edilə bilər. Sadəcə, sui-istifadə hallarının yaranmasının qarşısını alacaq mexanizmlər tətbiq edilməlidir.    

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top