“Bəzən güzəştlərdən istifadə edib qaydaları pozurlar” — Bu maşınları satmaq qadağan olundu

GÜNDƏM 27 iyn 2024, 18:27
Xəbər verdiyimiz kimi, əlilliyi müəyyən edilmiş şəxsə verilən reabilitasiya vasitələrinin satılması və bağışlanması qadağan edilib. Baş nazir Əli Əsədov bununla bağlı “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”nda dəyişiklik edilməsi barədə qərar imzalayıb. Belə ki, sənədə yeni bənd əlavə olunub. Qeyd edilib ki, bu Qaydanın 3.14-cü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, şəxsə verilmiş reabilitasiya vasitələrinin satılması və ya bağışlanması qadağandır. Qaydanın 3.14-cü bəndi isə belədir: Minik avtomobili verilmiş şəxs vəfat etdikdən sonra avtomobil onun ailə üzvündən birinin adına keçirilməklə qeydiyyatdan çıxarılır və vəfat etmiş Şəxsin ailəsinin mülkiyyətinə verilir.

Qərara nəqliyyat eksperti Aslan Əsədov Demokrat.az-a açıqlamasında münasibət bildirib. O deyib ki, əlillərə dövlət tərəfindən hər zaman diqqət və qayğı göstərilir:

“Lakin qanunlar qəbul olunandan sonra bəzən ümumi müddəalardan kənara çıxılır. Əlillərə verilən avtomobillərin satılması və bağışlanmasının qadağan olunmasını doğru hesab edirəm. Əlilliyi olan şəxslərin qəyyumu və ya varisi olur. Şəxs səhhəti ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə etmək üçün etibarnamə ilə onu kiməsə verir. Bəzənsə nəqliyyat vasitəsini satmaq və ya bağışlamaq kimi  istəklər olur. Verilən qərar da bunun qarşısını almaq üçündür. Dövlət qarşısında xidmətlərinə görə əlilliyi olan şəxslərə avtomobil verilməsi onların sosial təminatının yaxşılaşdırılmasına yönəlib. Lakin bəzən bu şəxslər, qazilər onlara edilən güzəştlərdən sui-istifadə edirlər, yol hərəkəti qaydalarını pozurlar. Düşünürəm ki, buna yol verilməməlidir. Hər bir şəxs öz üzərində vətəndaşlıq məsuliyyəti hiss etməlidir. Bu məsuliyyət qanun qədər alidir”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top