"Məgər kəbinin də dinli, dinsizi var?" — İlahiyyatçıdan deputata DƏSTƏK

GÜNDƏM 25 iyun 2024, 17:08
 Milli Məclisin bu gün keçirilən iclasında Mədəniyyət komitəsinin sədri Fazil Mustafa deyib ki, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə yetkinlik yaşına çatmayan şəxslər barədə dini kəbinkəsmə ilə bağlı sanksiyalar müəyyənləşir. Deputatın fikrincə dini kəbin ifadəsi qanunda istifadə edilməməlidir: “Bu, qanundan kənarda şəxsi istəklə edilə bilər. Biz ümumiyyətlə, bu proseduru tanımamalıyıq. Dini kəbinkəsmə anlayışını dövlət hüquqi proses kimi tanımamalıdır. Yeganə nikah dövlətin müəyyən etdiyi qurumlarda bağlanmalıdır. Savadlı və ya savadsız mollalar tərəfindən kəbin kəsilməsi müzakirə edilməməlidir. Bu, qanundan kənar proses olmalıdır. Yoxsa biz bunun nəticələrini görəcəyik. İnsanların özünün inancı varsa, fərdi qaydada kəbin kəsə bilər. Onsuz da insanlar mövhumata inanır, fala baxdırmağa da gedir” – deyə F.Mustafa vurğulayıb.

Millət vəkilinin fikirlərinə ilahiyyatçı Tural İrfan münasibət bildirib. O, Demokrat.az-a açıqlamasında deyib ki, kəbin də, nikah da evliliyin rəsmiləşməsi, elan edilməsi mahiyyətini daşıyan eyni mənalı anlayışlardır:  

“Mən əvvəllər də demişəm, indi də deyirəm,  “dini kəbin" deyilən bir şey yoxdur. Kəbin elə kəbindir. Əgər bu cür təsnifata bölsək, onda "dinsiz kəbin" hansıdır? Məgər kəbinin də dinli, dinsizi var? Din xadiminin oxuduğu kəbin orta əsrlərdə rəsmi idarələrin olmadığı zamanda indiki nikah məmuru funksiyasını həyata keçirmək üçün olub. Biz müsəlman ölkəsiyik, dövlətin aidiyyəti qurumu araşdırır, yoxlayır görür evlənməyə namizəd olan şəxslər tam uyğundur, evliliyi rəsmiləşdirir, hətta xeyir-dua da verir. Vəssalam. Dini adlanan kəbində isə din xadiminin araşdırmaq səlahiyyəti və funksiyası olmadığına görə yalnız evlənənlərin sözünü əsas götürür. Ona görə bu gün dövlətin icra etdiyi kəbin tam dolğun şəkildə dini kəbin adlanan əməli də əvəz etmiş sayılır”. 


Ekspertin sözlərinə görə, əksər din alimləri də dövlət nikahının tam şəriətə uyğun olduğunu təsdiq edirlər:

“Hələ dövlətin nikahı daha sağlamdır, nəinki din xadiminin icra etdiyi. Sabah boşanma zamanı, uşaqların aqibəti, mülk bölgüsü, məhkəmə məsələlərini təbii ki, dövlət həll edir, məhkəmə həll edir. Dövlət kəbinini icra edən şəxs də müsəlmandır, azərbaycanlıdır, o da Allahın adını çəkir, o da həmin xeyir-duanı verir. Din xadiminin oxuduğu da eyni şeydir. Ərəbcə oxunması da vacib deyil. Bəyəm din xadimi xüsusi bir əlavə möcüzə göstərib, Allahla xüsusi müqavilə bağlayır? Əlbəttə, xeyr. Buna baxmayaraq kim istəsə inancına uyğun olaraq dövlət kəbinindən sonra din xadiminə də oxutdura bilər ki, ürəyi rahat olsun. Ancaq dində belədir ki, hansı kəbin rəsmidirsə, dövlətin nəzdində hansı qüvvədədirsə, qanuni, dini və dünyəvi kəbin o sayılır.

Hörmətli Fazil Mustafanın fikrini dəstəkləyirəm. Qanunda ehtiyac yoxdur dini, dinsiz kəbin ifadələrinə. İkili kəbin görüntüsü yaratmaq lazım deyil. Kəbinin əsl mahiyyəti şəxsləri ər-arvad elan etməkdir. Bunu da ilk dəfə kim elan edir, rəsmiləşdirirsə, kəbini o icra etmiş sayılır”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top