“Bu gün xalq, ordu və iqtidar dəmir yumruq kimi birləşib” — Deputat

GÜNDƏM 24 iyn 2024, 17:12
 “44 günlük Vətən müharibəsindən danışarkən cənab Prezident qələbəni şərtləndirən 4 amili göstərdi. Ölkə başçısı qeyd etdi ki, 17 illik hakimiyyətim dövründə əsgərimdən bir gün belə ayrı qalmadım. Azərbaycan “Əsrin müqaviləsi”ni imzalamaqla iqtisadi cəhətdən güclü dövlətə çevrildi. Bu güclü dövlət də güclü ordu yaratdı, dünyanın ən müasir silahlarını əldə etdi. Bunun nəticəsidir ki, II Qarabağ müharibəsində düşmən darmadağın edildi, torpaqlarımızın işğalına son qoyuldu. Suverenliyimizin tam bərpası məqsədilə Azərbaycan ordusu 2023-cü ilin sentyabrında bir günlük antiterror tədbirlərinə başladı və 100 il əvvəl yaradılmış qondarma Dağlıq Qarabağ qurumu tarixdən silindi”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Anar İsgəndərov deyib.

Silahlı Qüvvələr Gününün tarixinə qısaca toxunan millət vəkili qeyd edib ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qarşısında duran ən ağır məsələlərdən biri yeni ordu yaratmaq idi:

“Cümhuriyyət Tiflisdən Gəncəyə köçərkən onun qarşısındakı ən böyük təhlükə Bakıda Şaumyanın rəhbərlik etdiyi Bakı Soveti qüvvələri idi, hansı ki, 20 mindən artıq əsgər və zabit heyəti var idi. 1918-ci ilin iyun ayında Qafqaz İslam Ordusunun köməkliyi ilə Bakı Soveti qüvvələri darmadağın edildi. 1920-ci ildə Cümhuriyyət süqut edənə qədər artıq Azərbaycanın 40 minlik ordusu var idi. Bunun 10 mini süvari, 30 mini isə piyada idi. Sovet dövründə azərbaycanlılar milli ordunun deyil, Sovet ordusunun  tərkibində fəaliyyət göstərirdilər. 1991-ci ildə Azərbaycan dövlət müstəqiliyini yenidən bərpa etdi. Lakin müstəqilliyin şirinliyini dadmamış erməni daşnak qüvvələri torpaqlarımızın işğalına başladı. Erməni işğalına qarşı Azərbaycan xalqı mübarizəyə qalxdı, lakin qısa zaman ərzində milli ordu yaratmaq çətin məsələ idi. Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi ən önəmli işlərdən biri atəşkəsin elan olunması və milli ordu quruculuğuna başlanılması oldu. 2003-cü ildən etibarən bu uğurlu işi Ali Baş Komandan cənab İlham Əliyev davam etdirir.   

Bu gün Azərbaycanın güclü ordusu, müasir silahları var, Azərbaycan əsgəri bu silahlarla çox peşəkarcasına davranır. Bu gün dünya birliyi də başa düşür ki, Azərbaycana qarşı bütün təhdidləri kənara qoymaq lazımdır, çünki xalq, ordu və iqtidar dəmir yumruq kimi birləşib. Fürsətdən istifadə edib Azərbaycan ordusunu və xalqını 26 iyun Silahlı Qüvvələr Günü münasibətilə təbrik edirəm!”

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top