"Metro stansiyalarında tibb məntəqələri açılmalıdır" — Deputat

GÜNDƏM 21 iyn 2024, 16:31
 Son vaxtlar metro stansiyalarında sərnişinlərin həyat və sağlamlığı ilə bağlı tez-tez mənfi hallar baş verir. Kimisi huşunu itirir, kimisi qatar yoluna düşüb xəsarət alır. Belə hallarda ağıla ilk gələn təcili tibbi yardıma zəng etmək olur, çünki metro stansiyalarında tibb məntəqələri yoxdur. Təcili tibbi yardım maşınları isə hadisə yerinə gəlib çatana kimi bəzən gec olur. Yay fəslində isə insan sıxlığının hər zaman pik həddə olduğu Bakı metrosunda bədbəxt hadisələrin baş vermə ehtimalı daha da artır. Metroda tibb məntəqələrinin açılması məsələsi vaxtaşırı gündəmə  gəlsə də problemin həlli gecikir.

Milli Məclisin deputatı Tahir Rzayevin məsələyə yanaşmasını öyrəndik.

Millət vəkili Demokrat.az-a açıqlamasında metro stansiyalarında tibb məntəqlərinin açılmasının zəruri olduğunu vurğuladı:



“İnsanlara qayğı, onların həyat və sağlamlıqlarının qorunması Azərbaycan dövlətinin daim diqqət mərkəzindədir. Düşünürəm ki, metro stansiyaları daxilində tibbi xidmətin göstərilməsi çox vacibdir və günün tələbidir. Xüsusilə də yay aylarında məsələ aktuallaşır,  metroda tibb məntəqələrinin olması zəruri ehtiyaca çevrilir. Metro əhalinin ən çox istifadə  etdiyi ictimai nəqliyyatdır. Burada mənfi halların yaşanmaması üçün müvafiq qurumlar tədbir görməlidir. Metro stansiyalarında tibbi xidmətin göstərilməsi üçün lazımı imkan və şərait yaradılmalıdır”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 iyl 2024, 12:44
Top