Küçədə lüt gəzən kişi qonşularla dava etdi — TƏFƏRRÜAT

KRİMİNAL 20 iyn 2024, 13:55
Şəmkir rayonunda 1965-ci il təvəllüdlü Məcid şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qonşusu Kənana (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin iyulun 7-də baş verib. Məcid həmin gün saat 23 radələrində Şəmkir şəhəri, Səməd Vurğun küçəsində yerləşən yaşadığı fərdi yaşayış evinin qarşısına alt paltarı ilə çıxması səbəbindən onunla qonşuluqda yaşayan Kənanın ona irad bildirməsinə və bir-birlərinə qarşı nalayiq ifadələr işlətmələrinə görə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı həmin ünvanda yerləşən yaşadığı evinin həyətyanı sahəsində qəsdən bədəninin müxtəlif yerlərindən vurub. 

Hadisəni törədən Məcidin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Məcid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, iyulun 7-də, sasat 16 radələrində oğlu Şamil ilə birlikdə Şəmkir şəhəri, S.Vurğun küçəsində yerləşən “Gold Qafqaz” restoranına qonşusunun toy məclisinə gedib: “Toy məclisində oğlum ilə birlikdə iştirak etdikdən sonra toydan çıxdıq və evə getdik. Küçəyə çatan zaman tanışım Əlvana məxsus mağazadan siqaret aldım. Sonra evə getmək istədim. Əlvana məxsus mağazadan siqaret alıb çölə çıxan zaman Kənanın yanıma yaxınlaşaraq əlində şüşə bakalı ilə məni vuracağını bildirdi. Bizim həmin vaxt aramızda sözlə mübahisələrimiz baş verdi. Mən Kənana məhəl qoymayaraq evə getdim. Həmin vaxt oğlum yanımda olub. Öz evimə gedərək toydan gəldiyim üçün əynimdə olan köynəyi çıxardım və həyətə çıxdım”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, həmin gün gecə saat 23 radələri olan zaman digər qonşusu Valeh onlara gəlib: “Valeh mənə nə üçün həyətdə lüt gəzdiyimi bildirdi, ailəsinin bu şəkildə məni gördüyünü dedi. Bu vaxt Valeh üzərimə gələrək məni vurmaq istədi. Oğlum aramıza daxil olaraq Valeh tərəfindən vuulmama mane olan zaman oğlumun təpiklə qarın nahiyəsinə vurdu. Səs-küyə qonşularımız Kənan və adını tam bilmədiyim, Nuku kimi tandığım şəxs gəldi. Həmin vaxt Nuku adlı şəxs üzərimə gələrək baş nahiyəmdən vurdu və yanımdan qaçaraq getdi. Mən içəri daxil olub evdəki baltanı götürdüm və onun arxasınca düşmək istədim. Lakin Kənan ardımca içəri daxil olaraq məni sakitləşdirmək istədi. Həmin vaxt Kənanın içkili olduğunu hiss etdim”. 

Məcid deyib ki, daha sonra çölə çıxıb və onun ardınca Kənan da evdən çölə çıxıb: “Həmin vaxt evin həyətində dayanan Elvin adlı şəxs məndən nə istədiklərini və həmin məsələ barəsində səhər söhbət edəcəyini bildirdi. Yerə diz çökərək mənə kömək etməsini Elvindən xahiş edən zaman Kənan oğlumun yanında təpiklə sol çiyin nahiyəmdən vuraraq məni yerə yıxdı. Kənan təpiklə vuraraq məni yerə yıxandan sonra üzərimə çıxdı, sifət nahiyəmdən əlləri ilə vurmağa başladı. Həmin vaxt azyaşlı oğlum Kənanın məni vurmasına mane olmaq üçün əlləri ilə itələyən zaman şillə ilə onun boğaz nahyəsindən vurdu. Qonşumuz Adil gələrək bizi ayırdı. Azyaşlı oğlum  Daxili İşlər Nazirliyinin 102 zəng xidməti mərkəzinə zəng edərək məlumat verdi və 103 xidmət mərkəzinə zəng edərək Təcili Tibbi yardım işçilərini çağırdı. Həmin vaxt mən Kənanı vurmamışam, ona hər hansı xəsarət yetirməmişəm. Əksinə, mən və oğlum döyülüb”. 

İş üzrə zərərçəkmiş qismində ifadə verən Kənanın sözlərinə görə, iyulun 7-də, saat 17 radələrində evdən çıxıb və “Gold Qafqaz” şadlıq sarayında baş tutan qonşusunun oğlunun toy məclisinə gedib:

“Həmin vaxt toy məclisində Məcidi də gördüm. Toy məclisində ayrı-ayrı stollarda əyləşdik və yeyib-içməyə başladıq. Həmin vaxt araq içkisi qəbul etdim. Həmin gün saat 22 radələrində toy məclisindən çıxdım və evə getdim. Küçəyə çatan zaman küçə camaatının küçəyə yığışdığını və avtomobillərin saxladığını gördüm. Nə baş vediyini öyrənmək üçün həmin yerə getdim. Bu vaxt  Məcidin əynində alt paltarı olduğunu gördüm. Aramızda münasibətlərimiz yaxşı olduğu üçün onun yanına yaxınlaşdım və qolundan tutaraq evinə aparan zaman onun azyaşlı oğlu da yanımızda olub. Ona sakitləşməsini bildirdim və yaşadığı evin içərisinə apardım. Yenə qayıtmaq istəyən zaman Məcidə getməsinin lazım olmadığını və evdə qalıb sakitləşməsini istədim. Onunla birlikdə evinin həyətinə çıxdıq. Bu zaman heç bir səbəb olmadan yeni rəhmətə getmiş atama qarşı söyüş edən zaman sağ əlim ilə onun sifət nahiyəsindən bir dəfə şillə ilə azyaşlı uşağının yanında vurdum. Həmin vaxt şillə ilə vurmağımın qarşılığında Məcid əli ilə dodaq nahiyəmdən cırmağa başladı. Ondan çəkilən zaman qolumdan tutdu və əl dırnaqları ilə qolumu cırmağa başladı. Daha sonra orada ayrıldım və öz evimə getdim”.

Bu cinayət işinə Şəmkir Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Məcidin barəsində hər ay qazancından dövlət nəfinə 10 faiz məbləğində pul tutulmaqla 6 ay müddətə islah işləri cəzası təyin edilib. 

Hökmün icrası Şəmkir rayon İcra və Probasiya şöbəsinə həvalə edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top