Aİ-95 markalı benzinin qiyməti 1.5 manata düşə bilər — “Nazirlər Kabineti qərar verməlidir”

SƏNAYE VƏ ENERGETİKA 08 iyn 2024, 14:15
“Azərbaycan Aİ -98 markalı benzini idxal etməkdə davam edəcək, çünki onun istehsalı planlaşdırılmır”.

Bunu “AzPolitika”-ya açıqlamasında neft-qaz sektoru ürə ekspert İlham Şaban bildirib.

O, Heydər Əliyev adına Bakı Neft Emalı zavodunun bu aydan Aİ-95 oktanlı benzin istihesalına başlamasının yanacağın qiymətinə mümkün təsirlərini də şərh edib. İ.Şaban bildirib ki, bu markalı benzinin 1.5 manata düşməsi mümkündür: “Gərək, Nazirlər Kabinetinin 2014-cü il qərarına dəyişiklik edilə. Çünki Aİ-95 oktanlı benzinin qiymətləri 10 il əvvəl “dövlət tərəfindən tənzimlənməyən” mal və xidmətlər siyahısına daxil edilmişdi. İndi bu qayıtmalıdır “tənzimlənən qiymətlər” siyahısına və Tarif Şurası da SOCAR-ın müraciəti əsasında istehsal xərcləri, mövcud satış marjası və vergiləri nəzərə alıb satış qiymətləri təyin etməlidir”.

Hazırda ölkədə Aİ-95 markalı yanacaq pərakəndə bazarda 2 manata satılır. Qiymətlərin yüksək olması, onun xarici ölkələrdən alınaraq gətirilməsi ilə əsaslandırılır.

Xatırladaq ki, Azərbaycan Aİ-95, Aİ-98 markalı yanacağı Rusiya, Belarus və Rumıniyadan idxal edir. Hər il bu məqsədlə ölkədən yüz milyon dollardan artıq valyuta çıxır. 2016-cı ildən yenidən qurulan Bakı Neft Emalı Zavodu Avro-5 standartlartına uyğun dizel və benzin istehsalına başlayıb. Ötən aydan daxili bazarda dizel yanacağının satışına start verilib, iyundan isə Aİ-95 markalı benzin yanacaqdoldurma məntəqələrinə göndəriləcək.

Qeyd edək ki, Bakı Neft Emalı Zavodunun yenidən qurulması SOCAR-a 3 milyard dollardan artıq vəsaitinə başa gəlib.


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top