Ailə qayğıları bölüşdürülməlidir — Sahibkar qadınların sayı niyə azdır?

GÜNDƏM 24 may 2024, 20:55
Milli Məclisin bu gün keçirilən plenar iclasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, əmək bazarında aparılan monitorinqlər nəticəsində məlum olur ki, qadınların payı artmaqdadır. Muradova əlavə edib ki, hazırda ölkədəki fərdi sahibkarların 23 %-i qadınlar, 77 %-i isə kişilərdir: "Bu nisbətin qadınların xeyrinə dəyişməsi, onların maliyyəyə əlçatanlığının artırılması istiqamətdə müsbət addımlar atılır. Yeri gəlmişkən, banklarda çalışanların 38 %-i qadınlar, 62 %-i kişilərdir", - deyə B.Muradova bildirib. 

Hüquqşünas Sahib Məmmədovun Demokrat.az-a açıqlamasında dediyinə görə, 23 faizin də içində əslində biznes sahibi olanlar kişilərdir:


"Sadəcə bizneslərini keçiriblər xanımlarının adına. Ona görə də 23 və 77 rəqəmləri bir qədər şərtidir. Əlbəttə ki, hörmətli Bahar xanım doğru olaraq rəsmi statistikaya istinad edir.

Qadınların biznesə sövq olunması üçün soxsaylı ardıcıl tədbirlər həyata keçirilməlidir. Ailə daxilində ilk növbədə ailə qayğılarının bölünməsi ənənəsi formalaşmalıdır. Bu, hüquqdan çox, bir mədəniyyət məsələsidir. Məişət qayğıları kişi ilə qadın arasında bərabər bölünsə qadınların da imkanları çoxalacaq və biznesə meyillənə biləcəklər. İkinci bir məsələ dövlətin qadınlara imkanlar açmasıdır. Məsələn, ödənişsiz və ya kiçik ödəniş qarşılığında analar övladlarını uşaq bağçalarına, körpələr evlərinə yazdıra bilərlər. Bu şəbəkələri genişləndirmək olar. Bundan başqa uzun müddət əmək fəaliyyəti ilə məşğul olmayan qadınların potensialının artırılmasına yönələn addımlar atmaq lazımdır, peşə kursları açmaq kimi".

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top