“İran anladı ki, Cənubi Qafqaza kənar qüvvələri gətirən Ermənistandır” — AÇIQLAMA

XARİCİ SİYASƏT 22 may 2024, 09:57

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqeri Kani telefon danışığı zamanı Azərbaycanın İrandakı səfirliyinin fəaliyyətinin bərpasını müzakirə ediblər. 

Ceyhun Bayramov qeyd edib ki, Azərbaycanın İrandakı səfirliyinin işinin bərpa olunması üçün tədbirlər görülür. 

Telefon danışığı zamanı həmçinin iki ölkə liderləri arasında sərhəddə baş vermiş görüşün tarixi əhəmiyyəti, strateji layihələrin işə salınması, nəqliyyat, iqtisadiyyat, energetika sahəsində planların reallaşması üçün birgə səylərin bundan sonra da davam etdirilməsinin vacibliyi qeyd olunub. 

Məsələ ilə bağlı siyasi şərhçi Asif Nərimanlı Demokrat.az-a açıqlamasında deyib ki, İran-Azərbaycan münasibətləri bundan sonra daha da inkişaf edəcək. 

O bildirib ki, İranda Azərbaycan qarşı bəzi qüvvələr mövcud olsa da sonrakı prosesdə gərginlik aradan qalxdı:

"Hazırda Azərbaycan-İran münasibətlərinin normallaşma prosesinə heç nə təsir etməməlidir. Çünki, birincisi, bu, İranın dövlət səviyyəsində verdiyi qərardır. 

Əlbəttə ki, İran dövlətinin siyasət xətti dəyişib. Buna səbəb regionda vəziyyətin dəyişməsidir. İran anladı ki, Cənubi Qafqaza kənar qüvvələri gətirən Azərbaycan deyil, Ermənistandır. Ermənistan Qərb qüvvələrini bölgəyə gətirir. Bu da İranın maraqlarının əleyhinədir. 

Ümumiyyətlə, Azərbaycanla İran arasında gerçəkləşdirilməli böyük layihələr var. Bu layihələr onu deməyə əsas verir ki, heç bir hadisə İran-Azərbaycan münasibətinə xələl yetirməməlidir”.


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top