Türkiyə kimi müttəfiqi olan ölkəyə qalib gəlmək mümkünsüzdür

XARİCİ SİYASƏT 21 may 2024, 12:09
Son zamanlar dünyada və regionda baş verən geosiyasi gərginlik yeni münaqişə ocaqlarının yaranmasına yol açır. Şərqi Avropada iki ildən artıq davam edən Rusiya-Ukrayna müharibəsi bir çox itkilərə və insan fəlakətinə səbəb olub. Yaxın Şərqdə İran və İsrail arasındakı münaqişə qısa müddətli olsa da, Fələstin və İsrail  arasındakı gərginlik hələ də hökm sürür. Dünyanın ən strateji məkanlarından hesab edilən Cənubi Qafqaz regionu da geosiyasi böhranlara məruz qalmaqdadır. Gürcüstan parlamentinə təqdim olunan “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsindən sonra ölkəni etirazlar dalğası bürüyüb. Cənab prezident İlham Əliyevin Belarus Prezidenti Aleksandr Lukaşenko ilə mətbuat bəyanatında qeyd etdiyi kimi “Dünyada vəziyyət sürətlə və bir qayda olaraq, mənfi istiqamətdə dəyişir. Yeni münaqişələr, yeni qeyri-sabitlik ocaqları yaranır. Təəssüf ki, bir qayda olaraq, mövcud münaqişələr öz həllini tapmır. ".

Azərbaycan tərəfi regionun inkişafı və qlobal təhlükəsizlik baxımından tərəflər arasında sülh müqaviləsinin imzalanması üçün təklif və baza prinsiplərini təqdim etsə də, Ermənistan hər vəchlə müqavilənin imzalanmasından boyun qaçırır və danışıqların vasitəçiylə aparılmasını dəstəkləyirdilər. Azərbaycan isə, vasitəçilərin Cənubi Qafqazı öz aralarında rəqabət meydanına çevirdiyinin fərqində idi. Buna görə də, danışıqların birbaşa aparılmasının vacibliyi vurğulanırdı. Azərbaycanın prosesdə qətiyyəti sayəsində, artıq tərəflər bir neçə dəfə vasitəçisiz danışıqlar həyata keçirib. Mayın 10-11-də Almatıda Azərbaycan və Ermənistan Xarici İşlər Nazirləri arasında, eləcə də, ötən günlərdə, Milli Məclisin sədri Sahibə xanım Qafarovanın  Ermənistan parlamentinin sədri Alen Simonyanla Cenevrədə baş tutan görüşü sülh prosesini yaxınlaşdırmağa xidmət edir.

Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasına ən çox qarşı çıxan Ermənistandakı revanşist-şovinist qüvvələrdir ki, Paşinyanı devirməklə yenidən hakimiyyəti ələ keçirmək və Azərbaycanla yeni müharibəyə başlamaq niyyəti güdürlər. Buna baxmayaraq Azərbaycanın siyasi,diplomatik, iqtisadi və hərbi gücünün, Azərbaycan prezidenti İlham Əliyevin beynəlxalq aləmdə yüksək nüfuza malik olmasının fərqində olan erməni cəmiyyəti anlayır ki, Ermənistan Azərbaycanla müharibə etmək iqtidarında deyil. Həmçinin, Türkiyə kimi strateji müttəfiqi olan bir ölkəyə kənar qüvvələrin köməyi ilə qalib gəlmək mümkünsüzdür.

Ermənistan bir dövlət kimi mövcudluğunu qorumaq vs iqtisadi böhrandan qurtulmaq istəyirsə,tez bir  zamanda Azərbaycanla sülh müqaviləsi imzalamalı və Zəngəzur dəhlizinin açılması üçün öz öhdəliklərini yerinə yetirməlidir.Bu,həmçinin Azərbaycanın da uzun müddətdir dəstəklədiyi 3+3 platformasının formalaşmasına, regional əməkdaşlığın inkişafına və regiondan kənar qüvvələrin Cənubi Qafqaza müdaxiləsinin qarşısını alacaq.


Vahid Əhmədov
Milli Məclisin deputatı

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top