Türkiyədən mötəbər tədbirə ev sahibliyi: Samsunda Beynəlxalq Sağlamlıq Zirvəsi keçirilir — FOTOLAR

TURİZM 16 may 2024, 20:12
Bu gün Türkiyənin Samsun şəhərində II Əkiztəpə Sağlamlıq Zirvəsi işə başlayıb. 

Demokrat.az
xəbər verir ki, Samsunun Əkiztəpə bölgəsində aparılan arxeoloji qazıntılar zamanı min illər əvvəl baş beyində əməliyyat aparıldığı və həmin əməliyyatdan sonra uzun müddət yaşadığı müəyyən olunub. Ona görə də Qara dəniz sahilində yerləşən Samsun şəhəri Türkiyənin “tibbi paytaxtı” adlandırılır. 

Samsunda böyük hospital, klinika mərkəzləri, məşhur avadanlıq və əczaçılıq sənayesi müəssisələri mövcuddur və onların sayı artmaqda davam edir.

Hazırda Əkiztəpə Sağlamlıq Zirvəsi bu inkişafın dünyaya göstərilməsi və tibb sənayesinin peşəkarlarını birləşdirən qlobal şəbəkə xarakteri daşıyır. 

Tədbirdə çıxış edən Anadolu Aslanları İş Adamları Dərnəyinin (ASKON) Samsun şöbəsinin rəhbəri Ahmet Alp Doğru bildirib ki, bugünki Zirvədə 23 ölkədən 200-dən çox iştirakçı var.

Qocalan və tibbi xərclərin artdığı dünyada Türkiyə müəyən xəstəliklərin müalicəsində, xüsusən də cərrahiyyə üzrə dünyada ilk beşlikdə gəlir:

“Samsun kənd təsərrüfatı sahəsində lider olsa da, tibbi sənayedə önə keçməyə çalışır. Sağlıq sektorunun illik gəliri isə təkcə Samsunda 6,5 milyard dollar təşkil edir”. 

Sağlamlıq zirvəsində ölkəmizi Azərbaycan Sahibkarlar Konfederasiyasının Rəyasət Heyətinin üzvü, Turizm Komissiyasının sədri Ruslan Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. 

R.Quliyev bildirib ki, artıq Azərbaycan ikinci ildir ki bu zirvədə iştirak edir və bu dəfə daha böyük nümayəndə heyətilə qatılıb. 

Onun sözlərinə görə, Azərbaycan 2 stend ilə sərgidə iştirak edir:

“Bu gün Azərbaycan vətəndaşlarının Samsunun tibbi potensialından istifadə etməsinə mane olan əsas səbəb logistika imkanlarınən məhdudluğudur. Samsuna Azərbaycandan birbaşa reysin olmaması insanların işini çətinləşdirir. Bu gün bizim üçün əsas müzakirə məsələsi birbaşa logistikanın qurulmasıdır".

Samsun şəhərinin Valisi Orhan Tavlı isə çıxışında qonaqları salamlayaraq bildirib ki, bu cür mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməklə Samsun dünyada söz sahibinə çevriləcək:

“Bu gün biz 20-dən çox ölkədən olan insanları Samsunda qonaq edirik. İnanıram ki, II Əkiztəpə Sağlamlıq Zirvəsi Samsun şəhərini bütün sahələrdə parladacaq. Bu cür tədbirlərə ev sahibliyi etmək Türkiyənin regionda və dünyada artan gücünü göstərir”.

Qeyd edək ki, hazırda dünyada təkcə sağlamlıq turizmindən gələn gəlir 10 trilyon dollar təşkil edir. Ümumilikdə isə bu sektorun bazar payı ildən-ilə artmaqda davam edir.



Vaqif Hüseynli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top